Yaponiyada ayı hücumlarının qarşısını almaq üçün süni intellekt və dronlardan istifadə olunur


  • 13:58

Yaponiyada ayı hücumlarının artması fonunda heyvanların öldürülmədən yaşayış məntəqələrindən uzaqlaşdırılması üçün süni intellektlə işləyən kameralar, dronlar və “robot canavar”lardan istifadə edilməyə başlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək Yaponiyada ayı hücumları nəticəsində 13 nəfər ölüb, 220-dən çox insan xəsarət alıb.

Mütəxəssislərin fikrincə, insanlarla ayılar arasında qarşılaşmaların çoxalmasına kənd əhalisinin azalması, kənd təsərrüfatı torpaqlarının baxımsız qalması, ovçuların sayının azalması və iqlim dəyişikliyi kimi amillər təsir edir. 2025-ci ildə Yaponiyada təxminən 50 min ayı müşahidəsi qeydə alınıb. Ölkədə Hokkaydo qonur ayısı və Asiya qara ayısı olmaqla iki yerli ayı növü yayılıb. Ayıların ümumi sayının isə 57 mindən çox olduğu təxmin edilir.Ayıların yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq məqsədilə bəzi bölgələrdə süni intellektlə işləyən kamera sistemlərindən istifadə olunur.

Qunma, Toyama və İşikava kimi ayı hücumlarının daha çox qeydə alındığı bölgələrdə meşələrə hərəkət sensorlu kameralar quraşdırılıb. Kameralar görüntülərdə ayıları süni intellekt vasitəsilə müəyyənləşdirir və yerli hakimiyyət orqanlarına real vaxt rejimində xəbərdarlıq göndərir. Bu sistem sayəsində aidiyyəti qurumlar ayının yaşayış məntəqəsinə yaxınlaşması barədə operativ məlumat əldə edərək müvafiq tədbirlər görə bilirlər. Hokkaydo prefekturasında isə ayıların izlənməsi və yaşayış məntəqələrindən uzaqlaşdırılması üçün dronlardan istifadə olunur. Şintotsukava qəsəbəsində yaradılmış xüsusi dron stansiyası ayı müşahidəsi barədə məlumat daxil olduqdan sonra təxminən 10 dəqiqə ərzində dronu havaya qaldıraraq heyvanı izləməyə imkan verir.

Mütəxəssislər dronların ayıları yaşayış məntəqələrindən uzaqlaşdırmaq baxımından effektiv vasitə olduğunu bildirirlər. ABŞ-ın Montana ştatında aparılan kiçikmiqyaslı araşdırma zamanı da dronların ayıları insan məskənlərindən uzaq tutmaqda 91 faiz effektiv olduğu müəyyən edilib. Fərdi istifadə üçün nəzərdə tutulan ən diqqətçəkən vasitələrdən biri isə “Monster Wolf” adlı robotdur. Günəş enerjisi ilə işləyən robot nəsli kəsilmiş Yaponiya canavarının ulartısını təqlid edərək ayıları ərazidən uzaqlaşdırır. Təxminən 4 min ABŞ dollarına satılan robot ilkin olaraq kənd təsərrüfatı sahələrini ayılardan qorumaq məqsədilə hazırlanıb. Robotun satışını həyata keçirən “Wolf Kamuy” şirkətinin rəhbərlərindən biri Motohiro Miyasakanın sözlərinə görə, Yaponiyanın şəhərlərində ayıların müşahidə edilməsinin artması fonunda robotun satışları son dövrlərdə ikiqat artıb. Şirkət, həmçinin düşərgəçilər və piyada səyahət edənlər üçün “Monster Wolf Mini” adlı, təxminən 20 santimetr ölçüsündə daşınabilən versiya hazırlayır. Yeni modelin sınaqlarının 2026-cı ilin sonlarında keçirilməsi planlaşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər