İtaliyada son 76 ilin ən isti yayı yaşanıb


  • 14:40

2026-cı ilin yay fəsli İtaliyada 1950-ci ildən bəri qeydə alınan ən isti yay kimi tarixə düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə İtaliya Milli Tədqiqat Şurası (CNR) məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yayında ölkə üzrə orta temperatur 24,3 dərəcə təşkil edib. Bununla da 2003-cü ilin yayında qeydə alınan 23,6 dərəcəlik əvvəlki rekord geridə qalıb.

Məlumatlara əsasən, yanvar-avqust ayları ərzində temperaturlar uzunmüddətli orta göstəricilərdən yüksək olaraq qalıb. Avqsutda ölkə üzrə orta temperatur 25,6 dərəcə təşkil edib ki, bu da 1950-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. CNR-nin Bioiqtisadiyyat İnstitutunun tədqiqatçısı Lorenzo Arçidiako bildirib ki, göstəricilər 2026-cı ilin 1950-ci ildən bəri İtaliyada qeydə alınan ən isti il ola biləcəyini göstərir. Arçidiako qeyd edib ki, ilk dəfə iyul və avqust aylarında ardıcıl olaraq temperatur rekordları qeydə alınıb.

Ekspertlər mövsümi normadan yüksək temperaturlar səbəbindən ölkədə əlavə olaraq 5 000–7 000 arasında ölüm halının baş verə biləcəyini göstərən təxminlər açıqlayıblar. Güclü istilik dalğaları Dolomit dağlarında yerləşən ən böyük buzlaq olan Marmolada buzlağında da ciddi buz itkisinə səbəb olub. Padua Universiteti, Veneto Ətraf Mühitin Mühafizəsi Agentliyi və İtaliya Buzlaqşünaslıq Komitəsi tərəfindən dərc edilən birgə hesabatda bildirilib ki, buzlağın səth sahəsi cəmi bir il ərzində 92 hektardan 83 hektara qədər azalıb.

Marmoladada oxşar ərimə və kütlə itkisi 2022-ci ildə də müşahidə olunub. Həmin vaxt istilik dalğasından sonra buzlağın uçması nəticəsində 11 alpinist həyatını itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər