"Instagram"da yeni dələduzluq üsulu - Bu yolla pul tələb edirlər


  • 16:38

Dələduzlar saxta müəllif hüququ iddialarından istifadə etməklə "Instagram" istifadəçilərindən pul tələb edirlər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dələduzlar "Meta" şirkətinə məxsus platformaya əsassız müəllif hüququ bildirişləri göndərərək hesabların bloklanmasına səbəb olur, daha sonra isə şikayətləri geri götürmək müqabilində istifadəçilərdən pul tələb edirlər.

BBC-nin məlumatına görə, 1,5 milyondan çox izləyicisi olan bir "Instagram" istifadəçisi onlarla saxta müəllif hüququ şikayəti ilə üzləşib.

Tarixi fotolar paylaşan həmin istifadəçi iddia edir ki, onun paylaşımları ictimai mülkiyyətə aiddir və ya lazımi icazələri alıb. Buna baxmayaraq, eyni eleketron poçt ünvanından göndərilən çoxsaylı şikayətlər nəticəsində onun bəzi paylaşımları silinib və hesabı müvəqqəti olaraq bağlanıb.

Şikayətlərin arxasında duran şəxslər daha sonra istifadəçidən "Telegram" vasitəsilə əlaqə saxlamağı tələb edib və iddiaları geri götürmək üçün ödəniş istəyiblər.

Hesabına girişi daha tez bərpa etmək məqsədilə istifadəçi şantajçıya kriptovalyuta ilə 50 dollar ödəyib. Lakin ödənişdən qısa müddət sonra o, yeni müəllif hüququ şikayətləri ilə üzləşib.

Kontent yaradıcıları iddia edirlər ki, !"Meta" saxta müəllif hüququ şikayətlərini vaxtında aşkarlaya bilmir və apellyasiya prosesi uzun çəkir.

Bəzi istifadəçilər platformanın dəstək qrupuna daha sürətli çıxış əldə etmək üçün pullu yoxlama xidmətindən yararlanmağa ehtiyac duyduqlarını qeyd edirlər. Bildirilir ki, bu problemlər bəzi kontent yaradıcılarının gəlirlərini itirməsinə və brend əməkdaşlıqlarını əldən verməsinə səbəb olub.

Bununla belə, "Meta" sistemlərinin bu cür sui-istifadə hallarının qarşısını almaq üçün nəzərdə tutulduğunu bildirir. Şirkət BBC tərəfindən diqqətinə çatdırılan nümunələr əsasında müəyyən hesablar üçün əlavə qoruyucu tədbirlər tətbiq etdiyini açıqlayıb.

Ekspertlərin fikrincə, saxta müəllif hüququ şikayətlərindən istifadə yeni fırıldaqçılıq üsulu deyil. Oxşar hallar əvvəllər də veb-saytları və "YouTube" istifadəçilərini hədəf almaq üçün tətbiq edilib.

Sussex Universitetinin rəqəmsal müəllif hüquqları üzrə mütəxəssisi Andres Guadamuz qeyd edib ki, süni intellekt bu üsulun daha geniş miqyasda tətbiq edilməsini asanlaşdırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər