Çində tarakanlar milyonlarla dollarlıq sənaye sahəsinə çevrilib


  • 16:46

Çində tarakanlar nəhəng və milyonlarla dollar dəyərində sənaye sahəsinə çevrilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi müəssisələrdə milyardlarla sayda yetişdirilən bu həşəratlar təkcə şəhər məişət tullantılarını və qida qalıqlarını yox etmir, həm də dərman və heyvan yemi istehsalında istifadə olunaraq iqtisadiyyata böyük töhfə verir. Qaranlıq, rütubətli və isti məkanlarda milyardlarla sayda yetişdirilən tarakanlar qida qalıqları ilə qidalanaraq ətraf mühitin təmizlənməsinə kömək edir. Eyni zamanda, onlar səhiyyə və heyvandarlıq sahələri üçün ən dəyərli xammal növlərindən birinə çevriliblər.

Çinin Tszinan şəhərində yerləşən nəhəng müəssisələrdən birində təxminən bir milyard tarakan saxlanılır. Restoranlardan toplanan qida qalıqları ilə qidalanan bu həşəratlar hər gün 15 ton qida tullantısını istehlak edərək yox edirlər. Müəssisənin ətrafı mümkün qaçışların qarşısını almaq məqsədilə su ilə dolu xəndəklərlə əhatə olunub. Suda gizlənən balıqlar isə qaçmağa cəhd edən istənilən həşəratı dərhal ovlayır.

Sahibkar Li Yanronq tərəfindən 2014-cü ildə cəmi 400 kiloqram tarakanla başladılan bu biznes həşəratların yüksək çoxalma sürəti sayəsində minlərlə tonluq istehsal həcminə çatıb. Ömürləri başa çatdıqdan sonra tarakanlar qurudulur və heyvan yemi kimi istifadə olunan, zülalla zəngin toza çevrilir. Siçuan bölgəsində yerləşən bir tibb müəssisəsində isə xüsusi şəraitdə hər il təxminən 6 milyard tarakan yetişdirilir. Gündəlik emal edilən 6 ton həşəratdan əldə olunan ekstrakt orta hesabla 600 min şüşə dərman vasitəsinə çevrilir. Bu məhsullar, xüsusilə mədə xoralarının müalicəsində və ənənəvi Çin təbabətində tez-tez təyin edilir.

Orta ölçülü tarakan təsərrüfatının illik gəliri yarım milyon dolları ötür. İri səhiyyə şirkətləri isə bu biznesdən yüz milyonlarla dollar gəlir əldə edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər