- 11:22
ABŞ-də 22 yaşlı Sinqapur vətəndaşı Malone Lam 245 milyon dollar dəyərində bitkoinin oğurlanmasında təqsirli bilinir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Lam və onun şərikləri kriptovalyutanın oğurlanması və qanunsuz yolla əldə edilmiş vəsaitlərin yuyulması məqsədilə mütəşəkkil cinayətkar qrup yaradıblar.
İstintaqın məlumatına əsasən, oğurlanan pullar dəbdəbəli həyat tərzinə xərclənib. Şəbəkə üzvləri gecə klublarında bir gecədə 500 min dollara qədər vəsait sərf edib, qiyməti 100 min dollardan 3,8 milyon dollara qədər dəyişən lüks avtomobillər alıblar. Lamın on minlərlə dollar dəyərində "Hermès Birkin" çantalarını gecə klubunda insanların arasına atdığı da bildirilir. Bundan başqa, o, dəbdəbəli saatlara, şəxsi təyyarələrin kirayəsinə və mühafizə xidmətlərinə milyonlarla dollar xərcləyib.
Məhkəmə sənədlərinə görə, 2023-cü ilin oktyabrından ən azı 2025-ci ilin mayınadək fəaliyyət göstərən cinayət şəbəkəsinin üzvləri bir-biri ilə onlayn oyun platformaları vasitəsilə əlaqə saxlayıblar. Lamın “Anne Hathaway”, “$$$” və “King Greavy” təxəllüslərindən istifadə etdiyi və qrupa rəhbərlik etdiyi bildirilir. Şəbəkəyə Kaliforniya, Konnektikut, Nyu-York, Florida və ABŞ-dan kənarda yaşayan şəxslərin də daxil olduğu qeyd edilir. İttihama əsasən, qrup üzvləri qurbanların məxfi məlumatlarını müxtəlif üsullarla əldə ediblər. Bəzi hallarda isə rəqəmsal pul kisələrinə giriş üçün zəruri məlumatları ələ keçirmək məqsədilə evlərə soxulublar.
Lamı 20 ilədək həbs cəzası gözləyir. Məhkəmənin vaxtı hələlik məlum deyil.
ABŞ prokuroru Janin Pirro məsələ ilə bağlı açıqlamasında beynəlxalq cinayət şəbəkəsinə rəhbərlik edən şəxsin ifşa edilərək məsuliyyətə cəlb olunduğunu bildirib.
Şəbnəm Mehdizadə