ABŞ Çin şirkətlərini süni intellekt texnologiyalarını ələ keçirməkdə ittiham edir


  • 14:16

Çində yerləşən süni intellekt şirkətlərinin ABŞ şirkətlərinə məxsus kommersiya sirlərini və qabaqcıl süni intellekt texnologiyalarını əldə etmək üçün sənaye miqyaslı kampaniyalar apardığı iddia edilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqat Bürosu (FTB), Milli Təhlükəsizlik Agentliyi (NSA) və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) birgə yaydığı məlumatda qeyd olunub. Bəyanata görə, Çində yerləşən əsas texnologiya şirkətləri qabaqcıl süni intellekt modellərinin imkanlarını daha aşağı xərclə əldə etmək üçün “distillə” metodundan istifadə edirlər. Bu metod qabaqcıl süni intellekt modelinin yaratdığı nəticələrdən istifadə etməklə daha kiçik və səmərəli modellərin öyrədilməsini nəzərdə tutur. ABŞ qurumlarının məlumatına əsasən, belə yanaşma qabaqcıl Amerika modellərinin müəyyən funksiyalarının və imkanlarının mənimsənilməsinə imkan yarada bilər.

Məsləhətdə həmçinin Çin şirkətlərinin coğrafi məhdudiyyətləri, təhlükəsizlik tədbirlərini və istifadə şərtlərini aşmaq üçün “rele stansiyaları” kimi tanınan boz bazar proksilərindən istifadə etdiyi bildirilir. Sənəddə DeepSeek və "Alibaba Group" kimi Çin texnologiya şirkətlərinin ABŞ-nin süni intellekt firmalarını hədəf alan yüksək həcmli məlumat distilləsi kampaniyalarında iştirak etdiyi iddia olunur.

Bununla yanaşı, ABŞ-nin süni intellekt şirkəti Anthropic üç Çin süni intellekt laboratoriyasının şirkətin “Claude” modelinin imkanlarını əldə etməyə yönəlmiş genişmiqyaslı kampaniyanın arxasında dayandığını iddia edib. Şirkətin məlumatına görə, həmin laboratoriyalar təxminən 24 min saxta hesabdan istifadə edərək “Claude” ilə 16 milyondan çox qarşılıqlı əlaqə həyata keçirib. "Google"un Təhlükəsizlik Kəşfiyyatı Qrupu tərəfindən yayımlanan hesabatda isə müxtəlif məqsədlər güdən haker qruplarının şirkətlərə məxsus süni intellekt modellərini və mənbə kodlarını hədəfə aldığı bildirilib. Hesabatda qeyd olunur ki, bu tendensiya korporativ süni intellekt aktivlərini - model parametrlərindən bulud hesablama resurslarına qədər - casusluq, şantaj və resurs oğurluğu baxımından yüksək dəyərli hədəflərə çevirib.

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Çin lideri Si Cinpinlə keçirəcəyi görüşdə süni intellekt məsələsini də gündəmə gətirəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər