Tramp İranla müharibənin illərlə davam edə biləcəyi barədə xəbərdar edilib


  • 15:46

ABŞ Prezidenti Donald Trampın yüksək səviyyəli müşavirləri onu İranla müharibənin illərlə davam edə biləcəyi barədə xəbərdar ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli rəsmilər keçirdikləri görüşlərdə İranla müharibənin mümkün gedişatını müzakirə ediblər. Görüşlər zamanı Trampa hərbi münaqişənin uzun müddət, hətta illərlə davam edə biləcəyi barədə xəbərdarlıq edilib. Bununla yanaşı, mənbələr ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqdə yerləşdirilən bəzi hava hücumundan müdafiə bölmələrinin bölgədə qalma müddətini qeyri-müəyyən müddətə uzatmağı planlaşdırdığını bildiriblər.

Tramp isə Vaşinqtondan Texasa səfəri zamanı hava limanında jurnalistlərə açıqlamasında İranla hazırda hər hansı aktiv danışıqlar aparılmadığını deyib. ABŞ Prezidenti müharibənin yaxın gələcəkdə başa çatacağına inandığını bildirib:

"Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra bitəcək, çünki onlar daha çox dayana bilməzlər" - deyə Tramp əlavə edib.

Tramp həmçinin İranı ABŞ-də keçiriləcək aralıq Konqres seçkilərinə təsir göstərməyə çalışmaqda ittiham edib. Lakin prezident bu iddiasını təsdiqləyən hər hansı təfərrüat açıqlamayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər