- 16:38
ABŞ-nin Kaliforniya ştatında 22 yaşlı gənc qonşusunun yaratdığı səs-küyə görə əsəbiləşərək onu qılıncla öldürməklə hədələyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı daxil olan çağırış əsasında Kern Dairəsi Şerif İdarəsinin əməkdaşları əraziyə cəlb olunub.
Hadisə yerinə gələn şerif müavini 22 yaşlı Coşua Dribinlə (Joshua Dribin) danışıb. Məlum olub ki, Dribin yatmağa çalışarkən qonşusunun tez-tez yük maşınının mühərrikinə qaz verməsindən narahat olub. Şerif müavini Dribinə vəziyyətə müdaxilə etməsinə icazə verilmədiyini bildirib. Gənc buna etiraz edib.
Şerif müavini Dribini sakitləşdirməyə çalışıb. Lakin o, "Məni yuxudan oyatmasından bezmişəm. Gedib elə indi onu öldürəcəyəm” - deyə qışqırıb.
Dribinin əlində qılınc olduğunu görən şerif müavini vəziyyət barədə dərhal radio vasitəsilə mərkəzi qərargaha məlumat verib. Bir neçə saniyə sonra Dribin əlində qılıncla evdən çıxaraq polis əməkdaşının üzərinə doğru qaçıb.
Qılıncla polis əməkdaşına tərəf qaçan Dribinə şerif müavini tərəfindən atəş açılıb. Beləliklə hücumun qarşısını alınıb. Dribin yaralansa da ciddi həyati təhlükəsi yoxdur. Şerif əməkdaşları hadisə yerində yaralı şəxsə ilkin tibbi yardım göstərib. Daha sonra o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Müalicədən sonra Dribin həbs edilib. O, hüquq-mühafizə orqanının əməkdaşına ölümcül silahla hücum etmək, əməkdaşa zorla müqavimət göstərmək və həbs zamanı ölümcül silahdan istifadə etməkdə ittiham olunub. Hadisə ilə bağlı araşdırma başlanıb. İstintaqın nəticələri cinayət işinə hüquqi qiymət verilməsi üçün Kern Dairəsi Prokurorluğuna təqdim edilib.
Şəbnəm Mehdizadə