- 16:38
İspaniya 2026-cı ilin yayında meteoroloji müşahidələr tarixində ən yüksək orta temperatur göstəricisini qeydə alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İspaniyanın Baş nazirinin müavini, Ekoloji Keçid və Demoqrafik Çağırışlar naziri Sara Aagesen açıqlayıb.
İspaniya Meteorologiya Agentliyinin (AEMET) məlumatına görə, bu yay ölkədə orta temperatur 24,5 dərəcə Selsi təşkil edib. Bu göstərici 1991–2020-ci illər üzrə orta temperaturdan 2,4 dərəcə yüksəkdir. Aagesenin sözlərinə görə, 2026-cı ilin yayında orta temperatur əvvəlki rekordun qeydə alındığı 2025-ci ilin yayındakı göstəricidən 0,3 dərəcə yüksək olub. Nazir bildirib ki, yay mövsümündə 61 gün, başqa sözlə, təxminən hər üç gündən ikisi anomal isti hava şəraitində keçib.
"Biz əvvəllər heç vaxt belə bir halla qarşılaşmamışdıq. Bir yay mövsümünün az qala iki ayı həddindən artıq isti şəraitdə keçdi. Bu, qeydə alınmış ən isti ildir", - deyə Aagesen bildirib.
O bildirib ki, iqlim dəyişikliyi qarşısında dayanıqlılığı artırılmalıdır:
"İqlim dəyişikliyini inkar etməyə və ya siyasi səbəblərlə prosesi ləngitməyə vaxtımız yoxdur. Siyasi qüvvələr arasında konsensusa nail olmalıyıq. Hələ vaxtımız var, risklərin və təsirlərin qarşısını ala bilərik”, - deyə nazir vurğulayıb.
Aagesen əlavə edib ki, iqlim dəyişikliyi qalıq yanacaqlardan həddindən artıq asılılığa əsaslanan iqtisadi modelin nəticəsidir.
AEMET-in məlumatına əsasən, İspaniyada qeydə alınan ən isti 10 yay mövsümündən 7-si 2015-ci ildən sonrakı dövrə təsadüf edir.
Bundan əlavə, Avropa şəhərlərində iqlim dəyişikliyi və sağlamlıq göstəricilərini təhlil edən "Lancet Countdown Europe" hesabatında bildirilir ki, İspaniya şəhərlərində həddindən artıq istilərlə əlaqəli ölüm halları 2015-2024-cü illərdə 1991-2000-ci illərlə müqayisədə 95,4 faiz artıb.
Şəbnəm Mehdizadə