NASA-nın "Curiosity" marsoxodu Marsda sirli çuxurlar aşkar edib


  • 16:38

NASA-nın "Curiosity" marsoxodu Marsın Qeyl kraterində apardığı tədqiqatlar zamanı planetin geoloji tarixi ilə bağlı yeni və qeyri-adi strukturlar aşkar edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 ildir Qırmızı Planetdə fəaliyyət göstərən marsoxod "Sharp" dağının sulfatla zəngin təbəqələrinin yerləşdiyi "Valle Grande" bölgəsində hərəkətini davam etdirərkən səthdə eni təxminən 1 santimetr olan kiçik və dayaz çuxurlar qeydə alıb. Alimlərin diqqətini çəkən əsas məqam çuxurların ətrafında eroziya nəticəsində yaranan çınqıl və mineral qalıqlarının müşahidə edilməməsidir. Bu xüsusiyyət onları əvvəllər aşkar edilmiş oxşar strukturlardan fərqləndirir. Çuxurların həddindən artıq dayaz və nisbətən geniş olması onların Marsda məlum eroziya proseslərindən fərqli mexanizmlə yarana biləcəyini göstərir.

"Curiosity" komandasının məlumatına görə, strukturların mənşəyini müəyyənləşdirmək üçün roverin MAHLI və “Mastcam” kameraları vasitəsilə ərazinin ətraflı görüntüləri əldə edilib. Hazırda çəkilmiş şəkillər və səthin üçölçülü modelləri əsasında təhlillər aparılır. "Sharp" dağına qalxarkən yaxın zamanda 1000 metrlik yüksəklik həddini keçən “Curiosity” bölgədəki müxtəlif süxur təbəqələrinin kimyəvi tərkibini və aşınma xüsusiyyətlərini araşdırmaqda davam edir.

Alimlər yeni aşkar edilmiş strukturların əvvəllər məlum olmayan eroziya prosesinin nəticəsi, yoxsa süxurların fərqli fiziki xüsusiyyətləri ilə əlaqəli olduğunu müəyyənləşdirmək üçün əldə olunan məlumatları təhlil edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər