- 16:51
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası ilə bağlı yeni hesabat yayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabata əsasən, mayın 15-dən sentyabrın 7-dək ölkədə 6 757 yoluxma hadisəsi qeydə alınıb, onlardan 3 267-si ölümlə nəticələnib. Ölüm göstəricisi 48,3 faiz təşkil edib.
Epidemiyanın Şimali Kivu əyalətinin Kayna bölgəsinə də yayıldığı, ümumilikdə 6 əyalətdə 61 bölgənin xəstəlikdən təsirləndiyi bildirilib.
ÜST bəzi bölgələrdə virusun coğrafi yayılmasının davam etdiyini və yoluxma hallarının sabit şəkildə artdığına dair əlamətlərin olduğunu qeyd edib.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və KDR-də baş verən epidemiyalar zamanı qeydə alınıb. 2014-2017-ci illərdə Qərbi Afrikada baş verən epidemiyada isə təxminən 30 min nəfər virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.
Şəbnəm Mehdizadə