Türkiyədə tunel tikintisində bədbəxt hadisə: ölən və yaralı var


  • 09:58

Türkiyənin Qaziantep vilayətində tunel tikintisi sahəsində baş verən bədbəxt hadisə nəticəsində bir fəhlə həyatını itirib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə şəhər mərkəzindəki Sam məhəlləsi yaxınlığında yerləşən tunel tikintisi sahəsində baş verib. Betonun bərkidilməsi üçün istifadə olunan metal konstruksiyanın çökməsi nəticəsində iki fəhlə xəsarət alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə, axtarış-xilasetmə və polis qrupları cəlb olunub.

Fəhlələrdən biri tuneldən öz gücü ilə çıxıb. Digər fəhlə isə xilasedicilərin müdaxiləsi ilə ağır vəziyyətdə çıxarılaraq tibb işçilərinə təhvil verilib. Xəstəxanaya çatdırılan işçi həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Qaziantep Valiliyinin açıqlamasında bildirilib ki, hadisə tuneldə uçqun və ya sürüşmə nəticəsində baş verməyib. Qeyd olunub ki, betonun bərkidilməsi üçün istifadə olunan dəmir çubuqların əyilməsi nəticəsində işçilər həmin çubuqlarla tikinti iskələsi arasında sıxılıblar.

Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri Fatma Şahin də sosial media hesabında paylaşım edərək tuneldə hər hansı uçqun və ya sürüşmənin olmadığını, vəziyyətin yaxından izlənildiyini bildirib. Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmaya başlanılıb. Açıqlamada ilkin ekspertiza nəticələrinə əsasən 3 nəfər barəsində həbs qərarı çıxarıldığı bildirilib.

Hadisənin digər təfərrüatları ilə bağlı araşdırma davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər