Yunanıstanda 84 kiloqram kokain müsadirə edildi: 7 nəfər saxlanıldı


  • 10:26

Yunanıstanda Kolumbiyadan qızılgül adı altında gətirilən 84 kiloqram kokainin ölkəyə qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkə zərərsizləşdirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat Yunanıstanın Müstəqil Dövlət Gəlirləri İdarəsi tərəfindən həyata keçirilib. Araşdırma zamanı şəbəkənin səkkiz ay ərzində yeddi ayrı idxal əməliyyatı həyata keçirdiyi müəyyənləşdirilib. Cinayətkar qrup Yunanıstana birbaşa daşınma zamanı gömrük və hüquq-mühafizə orqanlarının risk təhlili sistemlərinə düşməmək üçün yükləri əvvəlcə Kolumbiyanın Boqota şəhərindən Kanadaya göndərib. Daha sonra şübhəlilər yeni daşınma sənədləri hazırlayaraq yükün alıcısı kimi Yunanıstanın Attika bölgəsində yerləşən Artemida şəhərində qısa müddət əvvəl icarəyə götürülmüş saxta gül mağazasını göstəriblər.

Müəyyən edilib ki, ümumilikdə 80 qutudan ibarət qızılgül yükündə hər birində 40 gül olan dəstələrdən 11-i kokainlə doldurulub. Narkotik maddə ilə doldurulmuş güllərin xüsusi üsulla hazırlandığı müəyyənləşdirilib. Belə ki, güllər təbii çiçək başlıqlarından və içərisi narkotiklə doldurulmuş plastik gövdələrdən hazırlanıb. Bu üsul yükün gömrük yoxlamalarından yayınmasına imkan verib. Əməliyyat ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının (DEA) Afina ofisinin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Agentliyin xüsusi əməliyyatlar və mütəşəkkil cinayətkarlıqla mübarizə bölmələrinin əməkdaşları ilə birgə eyni vaxtda bir neçə ünvanda reyd keçirilib.

Marafonda yerləşən gül mağazası və kirayə götürülmüş villada aparılan əməliyyatlar nəticəsində şəbəkənin doqquz üzvündən yeddisi saxlanılıb. Araşdırma zamanı şübhəlilərin villadan narkotik maddələrin saxlanılması və emalı üçün istifadə etdikləri müəyyən edilib. Həmçinin saxlanılan dəstə rəhbərlərindən birinin Albaniya hüquq-mühafizə orqanları tərəfindən qətl ittihamı ilə axtarışda olduğu üzə çıxıb. Şəbəkənin daha iki üzvünün saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Əməliyyat "Şər Çiçəkləri" kod adı ilə həyata keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər