Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyə ziyandır - ARAŞDIRMA


  • 10:45

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşu və funksiyasında potensial zərərli dəyişikliklərə səbəb ola bilər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nəticələr "European Heart Journal"da dərc olunan yeni araşdırmada yer alıb. Əvvəlki tədqiqatlarda gecə işıq yanılı vəziyyətdə yatmaqla koronar arteriya xəstəliyi, infarkt, ürək çatışmazlığı və insult riskinin artması arasında əlaqə olduğu müəyyən edilmişdi. Yeni araşdırmada isə ilk dəfə gecə işığına məruz qalmanın ürəyin quruluşu və funksiyasına təsiri araşdırılıb. Tulane Universitetinin tədqiqatçısı, araşdırmanın rəhbəri Dr. Lu Qi bildirib ki, ürəkdə baş verən struktur dəyişiklikləri, xüsusilə də “remodelləşmə” prosesi, gecə həddindən artıq işığa məruz qalma ilə ürək-damar xəstəlikləri arasındakı əlaqəni izah edə bilər.

Tədqiqatçılar araşdırmanın əvvəlində ürək-damar xəstəliyi olmayan 11 071 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar biləklərinə işıq və hərəkət sensorları taxıblar, bir neçə il sonra isə onların ürək MRT-si müayinələri aparılıb.Alimlər gecə yuxusu zamanı demək olar ki, heç bir işığa məruz qalmayan şəxsləri ən azı üç işıq mənbəyinə məruz qalan iştirakçılarla müqayisə ediblər. Bu mənbələr arasında pəncərədən otağa düşən küçə işıqları, elektron saatların displeyləri və müxtəlif cihazların LED indikatorları da olub.

Demoqrafik göstəricilər, həyat tərzi, sağlamlıq və ətraf mühit amilləri nəzərə alındıqdan sonra gecə daha yüksək işıq səviyyəsinə məruz qalmanın ürək-damar sistemində ölçülə bilən dəyişikliklərlə əlaqəli olduğu müəyyən edilib. Belə ki, ən qaranlıq şəraitdə yatanlarla müqayisədə, gecə ən çox işığa məruz qalan qrupda sol mədəciyin həcmi orta hesabla 2,4 faiz, ürək divarının qalınlığı isə 1,5 faiz daha yüksək olub. Eyni qrupda ürəyin yığılma funksiyasında 1,9 faiz azalma müşahidə edilib. Araşdırmaya görə, gecə ən çox işığa məruz qalan şəxslərdə ən az işığa məruz qalanlarla müqayisədə ürək çatışmazlığı riski 29 faiz, infarkt riski 24 faiz, insult riski 33 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 26 faiz daha yüksək olub.

Mütəxəssislər gecə işığa məruz qalmanı azaltmaq üçün işıq keçirməyən pərdələrdən istifadə etməyi, yataq otağında daha isti tonlu və zəif işıqlandırmaya üstünlük verməyi, həmçinin elektron cihazların kiçik LED işıqlarını söndürməyi tövsiyə edirlər. Qeyd edək ki, araşdırma işığa məruz qalma ilə ürək-damar göstəriciləri arasında əlaqə aşkar edib; bu nəticələr öz-özlüyündə gecə işığının həmin xəstəliklərə birbaşa səbəb olduğunu sübut etmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər