Trampın amerikalılara 5 min dollar ödəmək vədi mübahisələrə səbəb olub


  • 11:11

ABŞ Prezidenti Donald Trampın hər bir Amerika vətəndaşına 5 min dollar ödəmək vədi ölkədə mübahisələrə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu vədi Dallasda Respublikaçılar Partiyasının aralıq seçkilərlə bağlı tədbirində səsləndirib. Məsələni əvvəlcə yalnız məhdud sayda siyasi müşavirlə müzakirə edən prezident daha sonra Ağ Evdə təklifin həyata keçirilməsi üçün işlərin başlanmasına göstəriş verib.

Təklifin federal büdcəyə 1 trilyon dollardan çox əlavə yük gətirə biləcəyi bildirilir. Lakin Ağ Evin yaydığı sənəddə ödənişlərin hansı mənbədən maliyyələşdiriləcəyi açıqlanmayıb. Tramp vəsaitin xarici ticarət tariflərindən əldə olunan gəlirlər hesabına ödənilə biləcəyini bildirib. Bununla belə, müstəqil təşkilatlar tariflərdən daxil olan gəlirin ümumi xərclərin yalnız kiçik bir hissəsini qarşılayacağını hesablayır. Respublikaçıların bir qismi və partiyanın iqtisadçıları təklifi real hesab etmir. Onların fikrincə, belə bir ödəniş partiyanın büdcə intizamı və dövlət xərclərinin azaldılması ilə bağlı əsas prinsiplərinə ziddir.

İqtisadçılar da təklifin büdcə kəsirini və inflyasiyanı artıra biləcəyi barədə xəbərdarlıq edirlər. Konqresin Büdcə İdarəsinin hesablamalarına görə, bu həcmdə ödəniş federal büdcəyə ciddi əlavə yük yarada bilər. Təklifin Konqres tərəfindən təsdiqlənməsinin tələb olunub-olunmayacağı isə hələlik məlum deyil. Trampın bəzi müttəfiqləri və keçmiş Respublikaçı rəsmilər isə belə bir addımın seçicilərə siyasi məqsədlə pul paylanması kimi qiymətləndirilə biləcəyini bildiriblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər