Qəzzadakı hücumlarla bağlı yeni sənədli filmdə israilli hərbçilərin ifadələri yer alıb


  • 11:25

Qəzzada İsrail ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yeni sənədli filmdə 24 israilli hərbi kəşfiyyat zabitinin ifadələri yer alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailli rejissorlar Yuval Abraham və Reyçel Szorun çəkdiyi NAZA sənədli filmi cümə axşamı Venesiya Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Film festivalda “Qızıl Şir” mükafatı uğrunda mübarizə aparan yeganə sənədli ekran əsəridir.

The Guardian tərəfindən hazırlanan filmdə kəşfiyyat əməkdaşları və əsgərlər Qəzzadakı hərbi əməliyyatlar barədə danışıblar. Onların təhlükəsizliyini qorumaq məqsədilə səsləri və görüntüləri rəqəmsal üsullarla dəyişdirilib. Filmin adı İsrail ordusunda hərbi zərbə zamanı həlak olması gözlənilən mülki şəxsləri ifadə etmək üçün istifadə olunan hərbi termindən götürülüb. Sənədli filmdə HƏMAS üzvlərinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı sistemlərdən istifadə edildiyi iddia olunur. Həmçinin hərbçilərin telefon məlumatlarından istifadə etdiyi və bəzi şəxslərin öldürülməsindən əvvəl onların ailə üzvləri ilə telefon danışıqlarının izlənildiyi bildirilir.

Filmdə Qəzzanın bəzi yaşayış məhəllələrinin, sakinlərin bir hissəsi hələ də evlərində olduğu halda, dağıdıldığı da iddia edilir. Bundan başqa, mülki evlərin yandırılması və ərzaq paylama məntəqəsində mülki şəxslərin öldürülməsi ilə bağlı ifadələrə yer verilib. Variety jurnalının məlumatına görə, film Venesiya Film Festivalında və digər nüfuzlu kinofestivallarda uzunmüddətli alqışlarla qarşılanıb. Venesiyada alqışların təxminən 25 dəqiqə davam etdiyi bildirilib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzzaya qarşı hərbi əməliyyatları nəticəsində on minlərlə fələstinli həlak olub və yaralanıb. Münaqişə ilə bağlı ölən və yaralananların sayı barədə müxtəlif mənbələrdə fərqli rəqəmlər açıqlanır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər