- 12:17
Türkiyədə FETÖ-nün polis strukturunda gizli təşkilatlanmasına qarşı keçirilən əməliyyat zamanı 20 şübhəli şəxs saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq çərçivəsində FETÖ ilə əlaqəli olduğu müəyyən edilən şəxslər müəyyənləşdirilib.
Araşdırma zamanı “qarson” kod adlı gizli şahiddən əldə edilən SD kartdakı EMAR (Polis Gizli Strukturunun Analiz Hesabatı) məlumatlarında 20 şübhəlinin adının yer aldığı müəyyən edilib.
İstintaq çərçivəsində şübhəlilərin təşkilatın gizli strukturlarında yer alan şəxslərlə əlaqələrinin olduğu, bankda hesablarının və ya hesablarında artımların qeydə alındığı, həmçinin ardıcıl zəng qeydlərinin mövcud olduğu müəyyənləşdirilib.
Araşdırma nəticəsində həmin şəxslərin FETÖ-nün polis strukturunda məsul vəzifələrdə fəaliyyət göstərdiyi müəyyən edilib.
Şübhəlilərin saxlanılması məqsədilə mərkəzi İstanbul olmaqla 6 vilayətdə 21 ünvana eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı 5-i hazırda vəzifədə olan, 3-ü vəzifədən xaric edilmiş dövlət qulluqçusu, 12-si isə özəl sektorda çalışan olmaqla, ümumilikdə 20 şübhəlinin hamısı saxlanılıb.
Şəbnəm Mehdizadə