- 14:57
Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Asim İftixar Əhməd ABŞ və İranı yenidən danışıqlar masasına qayıtmağa çağırdıqlarını bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Əhməd “The National” qəzetinə müsahibəsində ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun nə üçün həyata keçirilmədiyi barədə danışıb.
O, tərəflər arasında qarşılıqlı etimad çatışmazlığının olduğunu və anlaşma memorandumunun icrasına başlanması məsələsində müəyyən tərəddüdlərin yaşandığını bildirib.
“Ancaq biz danışıqlar masasına qayıtmaq məsələsində israr edirik”, - deyə Əhməd qeyd edib.
Pakistan rəsmisi bütün çətinliklərə baxmayaraq, ölkəsinin həm ABŞ, həm də İran rəhbərliyi ilə yüksək səviyyəli təmaslarını davam etdirdiyini vurğulayıb.
ABŞ və ya İranın danışıqları davam etdirmək məsələsində daha çox tərəddüd etdiyi barədə suala cavab verən Əhməd bunun asanlıqla müəyyən edilə bilməyəcəyini bildirib.
“Daha çox məsuliyyətin kimin üzərində olduğunu və ya kimin danışıqlara qayıtmağa daha çox istəkli olduğunu söyləmək o qədər də sadə deyil”, - deyə o bildirib.
Əhməd qeyd edib ki, şiddətli qarşıdurmaların və gərginliyin artdığı bir şəraitdə aprel ayında atəşkəsə nail olmaq, daha sonra tərəfləri bir araya gətirmək və nəticədə onları anlaşma sənədinin imzalanmasına razı salmaq mümkün olub.
“Onları yenidən danışıqlar masasına gətirməməyimiz üçün heç bir səbəb yoxdur”, - deyə Pakistanın BMT-dəki daimi nümayəndəsi əlavə edib.
Şəbnəm Mehdizadə