- 14:44
Sloveniyada paytaxt Lyublyana və Qrosuplye şəhərlərində ölü qarğalar üzərində aparılan araşdırmalar zamanı Qərbi Nil virusu aşkarlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölü qarğalardan götürülən nümunələrin müayinəsi zamanı virusa rast gəlindiyi bildirilib.
Açıqlamada Sloveniyada quşlarda Qərbi Nil virusunun sonuncu dəfə 2024-cü ildə aşkarlandığı, bu il isə insanlarda virusa yoluxma halının qeydə alınmadığı qeyd edilib.
Qeyd edək ki, quşlar, xüsusilə də qarğalar ağcaqanadların dişləməsi yolu ilə yayılan virusun təbii rezervuarı rolunu oynayır. Əsasən Culex cinsinə aid ağcaqanadların dişləməsi ilə yayılan Qərbi Nil virusuna qarşı hazırda peyvənd mövcud deyil. Bu səbəbdən ağcaqanad dişləmələrindən qorunmaq tövsiyə olunur.
Ağcaqanad dişləməsindən sonra virusun inkubasiya dövrü 2-14 gün arasında dəyişir. İmmuniteti zəif olan insanlarda isə bu müddət 21 günə qədər uzana bilər. Virusa yoluxan insanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Xəstələrin təxminən 20 faizində isə qızdırma, halsızlıq, ürəkbulanma, qusma, baş və əzələ ağrıları kimi simptomlar meydana çıxa bilər.
İlk dəfə yalnız Afrikada müşahidə olunan Qərbi Nil virusu sonradan, xüsusilə Fransa, İtaliya, İspaniya və Portuqaliya olmaqla, Avropanın bir sıra ölkələrinə yayılıb.
Şəbnəm Mehdizadə