- 14:57
ABŞ-nin Kaliforniya ştatında uşaqların internetdə təhlükəsizliyinin artırılmasını və 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan qanunlar imzalanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya qubernatoru Qavin Nyusom ştat qanunverici orqanında hər iki partiyanın dəstəyi ilə qəbul edilən internet təhlükəsizliyi ilə bağlı qanunları təsdiqləyib.
Kaliforniya qubernatorluğundan verilən açıqlamada yeni qanunların uşaqların internetdən və süni intellekt texnologiyalarından istifadəsi zamanı təhlükəsizliyinin artırılmasına yönəldiyi bildirilib.
Qanunlara əsasən, sosial media platformalarına 16 yaşdan aşağı istifadəçilər üçün müəyyən əlavə funksiyalar təqdim etmək qadağan edilir.
Açıqlamada vurğulanıb ki, bununla da Kaliforniya ABŞ-də uşaqların internet istifadəsini bu qədər geniş şəkildə tənzimləyən ilk ştat olub.
Qubernator Qavin Nyusom yeni qanunları şərh edərkən uşaqların təhlükəsizliyinin texnologiya ilə bağlı bütün müzakirələrin mərkəzində dayanmalı olduğunu bildirib.
“İnnovasiya sürətləndikcə, qorunma tədbirlərimiz də buna uyğunlaşmalıdır. Bu gün qəbul edilən qanun nəzarətsiz texnologiyanın uşaqlarımızı təhlükəyə atdığı hallarda Kaliforniyanın kənarda qalmayacağını açıq şəkildə göstərir. İnnovasiya məsuliyyət gətirir və uşaqlarımızı qorumaq hər şeydən əvvəl gəlir”, - deyə Nyusom qeyd edib.
Şəbnəm Mehdizadə