- 17:22
Almaniyada korporativ iflasların sayı cari ilin ilk yarısında son 13 ilin ən yüksək səviyyəsinə yüksəlib.
E-huquq.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsi (Destatis) iyun ayı və 2026-cı ilin ilk yarısı üzrə iflas müraciətlərinə dair məlumatları açıqlayıb. Məlumata görə, yanvar-iyun aylarında ölkədə 12 812 müəssisə iflas üçün müraciət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çoxdur. Qeyd olunan göstərici 2013-cü ildən bəri ilin ilk yarısı üzrə qeydə alınan ən yüksək nəticədir. Həmin il Almaniyada 13 253 korporativ iflas halı qeydə alınmışdı.
Ekspertlər iflasların artmasının əsas səbəbləri sırasında uzun müddətdir davam edən iqtisadi durğunluğu, enerji və əmək xərclərinin yüksəlməsini, həmçinin bürokratik maneələri göstərirlər. Təkcə iyun ayında Almaniyada 2 266 müəssisə iflas üçün müraciət edib. Bu, illik müqayisədə 15,8 faiz artım deməkdir və son 14 ilin iyun ayları üzrə ən yüksək göstəricidir. Yanvar-iyun aylarında ölkədə hər 10 min şirkətə orta hesabla 36,2 iflas müraciəti düşüb. Ən yüksək göstərici nəqliyyat və anbar təsərrüfatı sektorunda qeydə alınıb. Bu sahədə hər 10 min şirkətə 71,6 iflas halı düşüb.
Nəqliyyat və anbar təsərrüfatını yerləşdirmə və iaşə, eləcə də tikinti sektorları izləyib. Hər iki sahədə hər 10 min şirkətə 59,6 iflas halı qeydə alınıb. İlin ilk yarısında korporativ iflaslar nəticəsində kreditorların ümumi itkiləri, yəni müəssisələrin borclarının məbləği 18,5 milyard avro təşkil edib. Daha iri şirkətlərin iflas müraciətləri üzrə isə yanvar-iyun aylarında borc məbləği təxminən 28,2 milyard avroya çatıb. Fərdi iflasların sayı da artıb. Belə ki, ilin ilk yarısında Almaniyada 38 932 nəfər borclu fərdi iflas üçün müraciət edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.
Şəbnəm Mehdizadə