- 17:17
Avstraliyanın Kvinslend ştatında yerləşən, cəmi 550 nəfər əhalisi olan Culiya Krik (Julia Creek) qəsəbəsi həkimlər üçün olduqca cəlbedici iş təklifi ilə gündəmə gəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları qəsəbəyə köçərək burada daimi yaşayacaq ailə həkimi axtarır. İş elanına əsasən, həkimə illik təxminən 428 min ABŞ dolları əməkhaqqı təklif olunur. Bundan əlavə, mənzil kirayəsi və nəqliyyat vasitəsindən istifadə də daxil olmaqla bir sıra xərclər qəsəbə rəhbərliyi tərəfindən qarşılanacaq.
Təklif olunan əməkhaqqının Avstraliyanın iri şəhərlərində çalışan həkimlərin orta qazancından təxminən iki dəfə çox olduğu bildirilir.
Ucqar ərazidə yerləşən Culiya Krikdə ən yaxın xəstəxana və digər həkimlər saatlarla uzaqlıqdadır. Bu səbəbdən işə qəbul ediləcək həkim qəsəbənin yeganə tibb işçisi olacaq və günün istənilən saatında müxtəlif təcili tibbi hallara müdaxilə etməli olacaq. 2022-ci ildə oxşar iş elanı ilə Culiya Krikə köçən və iki il burada çalışan həkim Adam Louvs qəsəbədə ailəsi ilə birlikdə keçirdiyi vaxtı müsbət qiymətləndirib. Dörd övladı ilə birlikdə burada yaşayan Louvs qəsəbəni yalnız ailə səbəblərinə görə tərk etdiyini bildirib.O, qəsəbədəki mehriban icma mühitini və peşə fəaliyyətindən aldığı məmnunluğu yüksək qiymətləndirib.
Hazırda Culiya Krikdə onun yerini tutacaq və ucqar bölgədə həkim kimi çalışmağa hazır olan yeni mütəxəssis axtarılır.
Şəbnəm Mehdizadə