- 21:25
Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra yaranan enerji böhranı Almaniya büdcəsinə azı 50,4 milyard avroya başa gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə “Bild” və “Süddeutsche Zeitung” qəzetləri Maliyyə Nazirliyinin Yaşıllar Partiyasının Bundestaqdakı sorğusuna cavabına istinadla məlumat yayıb.
Bu məbləğ istehlakçıların yükünün azaldılması və enerji bazarlarının sabitləşdirilməsi üçün görülən tədbirləri əhatə edir. Ən böyük xərc 16,3 milyard avro ilə elektrik enerjisi qiymətlərinin məhdudlaşdırılmasının, 14,3 milyard avro ilə qaz qiymətlərinin tənzimlənməsinin payına düşüb. 2022-ci ilin dekabrında tətbiq edilən təcili qaz yardımı 8,5 milyard avroya başa gəlib. Pensiyaçılara verilən 300 avroluq enerji kompensasiyası üçün isə 6 milyard avrodan çox vəsait ayrılıb.
Bununla belə, “Süddeutsche Zeitung” qəzetinin hesablamasında 2022-ci ildə qaz üzrə əlavə dəyər vergisinin 19 faizdən 7 faizə endirilməsi kimi bəzi xərclərin nəzərə alınmadığı bildirilir. Yaşıllar Partiyası isə “Uniper” şirkətinin dövlət tərəfindən xilas edilməsini və digər tədbirləri də əlavə etdikdə ümumi məbləği 71,7 milyard avro hesablayıb