Rusiya Ukraynada qatara PUA zərbəsi endirib


  • 10:19

Rusiya Ukraynanın Polşa ilə sərhədində yerləşən Yahodın ərazisində qatarın lokomotivinə zərbə endirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ukrayna rəsmiləri qatarın bütün sərnişinlərinin təxliyə edildiyini açıqlayıblar.

Ukraynanın dəmir yolu şirkəti “Ukrzaliznytsia”nın məlumatına görə, Rusiya hücumları təhlükəsi ilə əlaqədar cədvəldə dəyişiklik edilib və qatar nəzərdə tutulandan daha tez yola düşüb. Hücumdan təxminən 15 dəqiqə əvvəl sərnişinlərə təxliyə əmri verilib. Ukrayna və Polşa rəsmiləri bildiriblər ki, Rusiya pilotsuz uçuş aparatı Polşa sərhədindən təxminən iki kilometr məsafədə yerləşən hədəfə zərbə endirib. Rusiya tərəfi isə Qərbi Ukraynadakı dəmir yolu infrastrukturuna zərbələr endirdiyini açıqlayıb.

"Ukrzaliznytsia" hücumun diplomatik qatarı hədəf almış ola biləcəyini bildirib. Kiyevdə keçirilən konfransdan qayıdan Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson, eləcə də Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirləri, o cümlədən Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell eyni marşrut üzrə səfər ediblər. Hadisə zamanı Yahodın stansiyasında başqa bir qatarda olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus baş verənləri "dəhşətli hadisə" adlandırıb. O, hücumu Ukrayna mülki əhalisini qorxutmağa yönəlmiş addım kimi qiymətləndirib.

Kiyevdəki konfransda iştirak edən İsveçin keçmiş Baş naziri Karl Bildt bildirib ki, qatardakı sərnişinlərə təxliyəyə hazırlaşmaq tapşırılıb. Daha sonra isə onların səfərlərini davam etdirməsinə icazə verilib. Bildtin olduğu qatar Polşa sərhədində yerləşən Dorohusk stansiyasına çatıb. Boris Conson sosial media hesabında Polşa sərhədi yaxınlığında hərəkətsiz vəziyyətdə olan Ukrayna lokomotivinin partladılmasına Rusiya Prezidenti Vladimir Putini nəyin sövq etdiyini anlamadığını yazıb. O, Ukraynanın müttəfiqlərini Kiyevin ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərini təcili şəkildə təmin etməyə çağırıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Yahodında baş verən hücumların Rusiyanın terrorunu Avropa İttifaqı və NATO-nun sərhədlərinə yaxınlaşdırdığını bildirib. O, Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırış edib. Polşanın Baş naziri Donald Tusk isə son hadisələri müzakirə etmək üçün təcili iclas çağırıb. Tusk Rusiyanın hərəkətlərində gərginliyin artmasının artıq reallığa çevrildiyini və təhlükənin Polşa sərhədinə getdikcə daha çox yaxınlaşdığını bildirib.

Rusiyanın Ukraynanın mülki şəxslərin istifadə etdiyi dəmir yolu şəbəkəsinə qarşı hücumları ölkənin nəqliyyat infrastrukturuna ciddi ziyan vurub. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl oxşar hücumları terror aktı kimi qiymətləndirib. Bundan əvvəl bir sıra Avropa ölkələri Almaniyada pilotsuz uçuş aparatlarının hücumları və müdafiə obyektlərində baş verən şübhəli yanğınlarla bağlı Rusiyanı ittiham edib. Rəsmi Moskva isə bu iddiaları rədd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər