- 12:24
Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə Avropa İttifaqının (Aİ) mübahisəli Giriş-Çıxış Sistemini (EES) texnologiya və sistemlər tam işlək vəziyyətə gətirilənədək tətbiq etməyəcəklərini açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki,I Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarından barmaq izi və üz tanıma məlumatlarının təqdim edilməsini tələb edən sistem hava limanlarında uzun növbələrin yaranmasına səbəb olub.
Məlumata görə, adıçəkilən 9 ölkə sərhəd-keçid prosesində axıcılığı qorumaq məqsədilə sistemin tam tətbiqini təxirə salıb.
Ötən ilin oktyabrında mərhələli şəkildə tətbiqinə başlanılan EES-in aprelin sonunadək tam qüvvəyə minməsi gözlənilirdi. Ölkələrə yay aylarında səyahət xaosunun qarşısını almaq üçün nəzarəti dayandırmağa imkan verən 150 günlük keçid müddəti də verilmişdi. Bu müddət sentyabrın 6-da başa çatsa da, 9 ölkə sistemlər lazımi qaydada işləyənədək yeni nəzarət mexanizmlərini tətbiq etməyəcəyini bildirib.
Aviaşirkətlər və hava limanları Aİ-nin yeni sərhəd nəzarəti sistemini tətbiq etmə üsulunu tənqid edib. İrlandiya aviaşirkəti "Ryanair" EES üzrə güzəştlərin ən azı 2027-ci ilin aprelinədək uzadılmasına çağırıb. Şirkət hesab edir ki, hava limanlarına və sərhəd xidmətlərinə sistemə tam hazırlaşmaq üçün daha çox vaxt verilməlidir. "Ryanair"in əməliyyatlar üzrə rəhbəri Nil Makmahon prosesin əvvəlindən sonuna qədər uğursuz təşkil edildiyini və edilən xəbərdarlıqların nəzərə alınmadığını bildirib.
Şəbnəm Mehdizadə