- 12:24
Şimali Koreya artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) iştirak etdiyi real döyüş sursatları ilə atış təlimi keçirdiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Pxenyan sentyabrın 12-də inteqrasiya edilmiş silah idarəetmə sisteminin fəaliyyətinin yoxlanılması məqsədilə hərbi təlim keçirib.
Artilleriya sistemləri və PUA-ların istifadə olunduğu real döyüş sursatları ilə atış təlimini izləyən marşal Pak Çon Çon istifadə edilən silah sistemlərinin "nəhəng dağıdıcı güc" nümayiş etdirdiyini bildirib.
Pak Çon Çon təlimin "düşmənin silahlı qüvvələrini təşkilati və struktur baxımdan sıradan çıxarmaq üzrə peşəkarlıq səviyyəsinin artırılmasına" xidmət etdiyini qeyd edib.
Şimali Koreyanın keçirdiyi təlim ABŞ, Cənubi Koreya və Yaponiyanın "Freedom Edge" hərbi təlimlərini başa çatdırmasından bir gün sonraya təsadüf edib.
Müxtəlif növ silahların eyni vaxtda tətbiq edildiyi təlimin Cənubi Koreya və ABŞ-nin hava hücumundan müdafiə sistemlərini dəf etmək imkanlarının inkişaf etdirilməsinə yönəldiyi bildirilir.
Cənubi Koreya Baş Qərargahının sentyabrın 12-də yaydığı açıqlamada isə Şimali Koreyanın Şərq dənizi istiqamətində bir sıra qısamənzilli raketlər buraxdığı bildirilib. Qeyd olunub ki, raketlər dənizə düşməzdən əvvəl təxminən 250 kilometr məsafə qət edib.
Şəbnəm Mehdizadə