Səudiyyə Ərəbistanında 4 şəhər üçün təcili xəbərdarlıq elan edildi


  • 12:24

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubundakı Xamis Muşayt, Abha, Cizan və Nəcran şəhərlərində mümkün təhlükələrlə bağlı təcili xəbərdarlıq yayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Mülki Müdafiə Baş İdarəsinin sosial media hesabında yayılan açıqlamada sözügedən şəhərlərdə baş verə biləcək fövqəladə vəziyyətlərlə əlaqədar həyəcan siqnalı verildiyi bildirilib.

Açıqlamada bölgədə yaşayan vətəndaşların və sakinlərin can və mal təhlükəsizliyinin qorunması üçün fövqəladə hallar üzrə müəyyən edilmiş qaydalara əməl etmələrinin, həmçinin aidiyyəti qurumların göstəriş və xəbərdarlıqlarını diqqətlə izləmələrinin vacibliyi vurğulanıb.

Bununla belə, mümkün təhlükənin xarakteri və ya konkret səbəbləri barədə hər hansı məlumat açıqlanmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə husilərə qarşı keçirdiyi hərbi əməliyyatlara cavab olaraq husilər zaman-zaman Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və cənub əyalətlərini hədəfə alırlar.

Bölgədəki hərbi obyektlər və strateji əhəmiyyətli infrastruktur da vaxtaşırı Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin hücumlarına məruz qalır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər