Britaniyada süni intellekt üçün yeni hüquqi çərçivə tələb olunur


  • 13:25

Böyük Britaniyada parlamentin İcmalar Palatası və Lordlar Palatasının üzvlərindən ibarət çoxpartiyalı komitə süni intellektin insan hüquqları üçün yaratdığı riskləri müəyyənləşdirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Birgə Komitə hazırladığı hesabatda mövcud qanunvericiliyin süni intellektin yaratdığı təhlükələrin qarşısını almaq üçün yetərli olmadığını bildirərək, yeni süni intellekt qanununun qəbul edilməsinə çağırıb.

Komitənin sədri, deputat Aleks Sobel bildirib ki, Böyük Britaniya da daxil olmaqla, dünyanın heç bir ölkəsində süni intellektlə bağlı mövcud hüquqi yanaşma qarşıdakı çağırışlara tam cavab vermir.

Qeyd edək ki, bir neçə gün əvvəl “Anthropic” şirkətinin baş direktoru Dario Amodei də süni intellektin tənzimlənməsi ilə bağlı qlobal qaydaların, eləcə də müstəqil nəzarət mexanizminin yaradılmasını nəzərdə tutan plan irəli sürüb.

Komitənin hesabatında süni intellektin bir sıra insan hüquqları pozuntularında istifadə oluna biləcəyi vurğulanıb. Bunlara qadınlar və qız uşaqları ilə bağlı seksual xarakterli saxta görüntülərin yaradılması, insanların üzlərinin onların razılığı olmadan skan edilməsi və digər hallar aid edilib.

Hesabatda, həmçinin süni intellekt sistemlərinin internetdən toplanan məlumatlar əsasında öyrədilməsi səbəbindən mövcud qərəzləri özündə daşıya və yanlış məlumatların yayılmasına səbəb ola biləcəyi qeyd olunub.

Komitə hüquqi statusa malik vahid və müstəqil süni intellektə nəzarət qurumunun yaradılmasını təklif edib. Bildirilib ki, hazırkı hüquqi çərçivə parçalanmış və dağınıq xarakter daşıyır, bu isə insan hüquqlarının qorunmasında boşluqlar yaradır.

Hesabatda yeni qanun layihəsinin süni intellekt sistemlərini risk səviyyəsinə görə təsnif edən və yüksək riskli modellər üçün daha sərt öhdəliklər müəyyənləşdirən hüquqi rejim yaratmalı olduğu vurğulanıb.

Komitə həmçinin insan hüquqları ilə bir araya sığmayan bəzi süni intellekt tətbiqlərinin qanunla birbaşa qadağan edilməsini təklif edib. Bu çərçivədə şüuraltı təsir üsullarından istifadə, profilləşdirmə və biometrik məlumatların qanunsuz və ya uyğun olmayan şəkildə istifadəsi mümkün riskli sahələr kimi göstərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər