- 14:44
Himalay bölgəsində buzlaqların kütlə itkisi son 10 ildə əvvəlki dövrlə müqayisədə 65 faiz daha sürətli baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nepalın Çin sərhədinə yaxın ərazilərində avqustun 26-da baş verən və 1300-dən çox insanın həyatını itirməsi ilə nəticələnən sel fəlakətindən sonra yayımlanan hesabatda bildirilib.
Hesabat qlobal məsləhətçi şirkət "Systemiq" və Hindistanda fəaliyyət göstərən "Integrated Mountain Initiative (IMI)" qeyri-hökumət təşkilatının birgə əməkdaşlığı ilə hazırlanıb.
Sənəddə Himalay bölgəsinin kritik həddə yaxınlaşdığı və burada milyonlarla insanın müxtəlif risklərlə üz-üzə qaldığı vurğulanıb.
Məlumata görə, regiondakı buzlaqlar əvvəlki dövrlərlə müqayisədə daha sürətlə əriyir. Son 10 ildə buzlaq kütləsinin itkisi əvvəlki dövrlə müqayisədə 65 faiz daha yüksək sürətlə qeydə alınıb.
Hesabatda, həmçinin Himalayda sayının təxminən 40 min olduğu təxmin edilən buzlaqların yalnız 0,1 faizinin müşahidə altında saxlanıldığı qeyd olunub. Digər mühüm risk faktoru hesab edilən donmuş torpaqlar, yəni permafrost barədə məlumatların isə daha məhdud olduğu bildirilib.
Mütəxəssislər Himalayda Cənubi Asiyada 2 milyondan çox insanın həyatını təmin edən geniş təbii su sisteminin mühüm hissəsi olduğunu vurğulayıblar. Regionda baş verə biləcək fəlakətlərin yalnız yerli və regional deyil, qlobal miqyasda da tədarük zəncirinin pozulmasına, əhalinin məcburi köçünə və geosiyasi risklərin artmasına səbəb ola biləcəyi qeyd edilib.
Hesabatda buzlaqların əriməsi ilə bağlı fəlakətlərin yaratdığı təhlükələrdən ən çox təsirlənə biləcək ölkələrdən biri kimi Hindistan da göstərilib. Ölkə ərazisinin yalnız 18 faizinin Himalayalar bölgəsində yerləşməsinə baxmayaraq, Hindistanda qeydə alınan təbii fəlakətlərin təxminən 35 faizinin məhz bu ərazilərdə baş verdiyi bildirilib.
Sənəddə bunun Hindistan iqtisadiyyatı üçün də ciddi risk yaratdığına diqqət çəkilib.
Şəbnəm Mehdizadə