- 16:23
Fransa Prezidenti Emmanuel Makron 15 yaşadək uşaqların sosial media platformalarına çıxışının məhdudlaşdırılması ilə bağlı yeni qanun layihəsinin hazırlandığını açıqlayıb.
E-huquq.az xəbər verir ki, Makron bu barədə "X" sosial media platformasında paylaşım edib.
Fransa lideri bildirib ki, hakimiyyətə gəldiyi ilk gündən uşaqların onlayn mühitdə qorunmasına xüsusi diqqət yetirib və bu istiqamətdə məsuliyyətli siyasət yürüdüb.
Onun sözlərinə görə, Fransa parlamentinin hər iki palatası tərəfindən qəbul edilən, lakin ölkənin ali konstitusiya məhkəməsi olan Konstitusiya Şurası tərəfindən avqust ayında ləğv edilən 15 yaşadək uşaqların sosial mediadan istifadəsini tənzimləyən qanun layihəsinin yeni variantı artıq hazırlanıb.
Makron qeyd edib ki, Konstitusiya Şurasının qərarından sonra hökumətə Avropa normalarına uyğun və hüquqi baxımdan əsaslandırılmış yeni tənzimləmə hazırlamaq tapşırığı verilib. O, "fövqəladə texniki işlər" nəticəsində bu tapşırığın yerinə yetirildiyini və yeni qanun layihəsinin Avropa İttifaqı Komissiyasına təqdim edildiyini bildirib.
Fransa Prezidenti uşaqların qorunmasına yönəlmiş bu tənzimləmənin bütün Avropada tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Fransada 15 yaşadək uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsi parlamentin aşağı və yuxarı palataları tərəfindən qəbul edilmişdi. Lakin Konstitusiya Şurası avqustun 14-də verdiyi qərarla sənədi ləğv edib. Şura bu məhdudiyyətin gənclərin ifadə azadlığına müdaxilə təşkil etdiyini bildirib.
Bununla yanaşı, Konstitusiya Şurası uşaqların maraqlarının qorunmasının konstitusion tələb olduğunu qəbul edib. Lakin qurum qanun layihəsinin onlayn mühitin uşaqların sağlamlığı və təhlükəsizliyi üçün yarada biləcəyi riskləri müəyyənləşdirmək baxımından yetərli əsaslara malik olmadığı qənaətinə gəlib.
Qərardan sonra Makron hökumətə Avropa normalarına uyğun yeni qanun layihəsi hazırlamaq barədə göstəriş verib.
Şəbnəm Mehdizadə