- 16:18
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında ardıcıl 3 püskürmə baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya Milli Fəlakətlərin İdarəolunması Agentliyinin (BNPB) məlumatına görə, Lumajang və Malanq bölgələrinin sərhədində yerləşən Semeru vulkanında aktivlik yenidən artıb. Püskürmələr zamanı vulkandan havaya 800-1000 metr hündürlüyə qədər kül və vulkanik materialın yayıldığı bildirilib.
Mütəxəssislər ərazidəki vəziyyəti yaxından izləməyə davam edir.
Təhlükə səviyyəsi "3-cü dərəcə" olaraq müəyyən edilən vulkanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Semerunun 5 kilometr radiusunda bütün fəaliyyətlərə qadağa qoyulub.
Səlahiyyətli şəxslər əhalini müəyyən edilmiş təhlükəsizlik sərhədlərinə riayət etməyə çağırıblar.
Bromo Tengger Semeru Milli Parkının ərazisində yerləşən Semeru Yava adasının ən aktiv vulkanlarından biri hesab olunur.
"Odlar halqası" kimi tanınan Sakit okean seysmik və vulkanik qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.
Şəbnəm Mehdizadə