- 10:03
Dünyanın en mühüm dəniz marşrutlarından biri olan Panama kanalı "El-Nino" iqlim hadisəsinin törətdiyi şiddətli quraqlıq səbəbindən gəmi keçidlərini daha da məhdudlaşdırmağa hazırlaşır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Panama parlamentinə təqdim olunan yeni layihəyə əsasən, oktyabr ayından etibarən kanaldan gündəlik orta hesabla cəmi 29,5 gəminin keçməsinə icazə veriləcək. Bu göstərici avqust ayındakı 36 gəmi ilə müqayisədə 18%-lik azalma deməkdir. Sentyabrda isə rəsmilər su qıtlığı səbəbindən bu rəqəmi artıq 36-dan 32-yə endirmişdilər. Dünya dəniz ticarətinin 5%-ni və ABŞ-nin konteyner daşımalarının təxminən 40%-ni həyata keçirən 82 kilometrlik Panama kanalı Çin, Asiya və ABŞ arasında daşınma müddətini və xərcləri azaldan strateji keçiddir. Hazırda Hörmüz boğazındakı problemlər və ABŞ-İran münaqişəsi fonunda Panama kanalındakı məhdudiyyətlər qlobal logistikanı daha da çətinləşdirir. Avqust ayında gəmilərin kanala daxil olmaq üçün gözləmə müddəti 10 günə çataraq son ayların rekordunu vurub.
Yaradılmış hərrac sistemi vasitəsilə növbəni ötmək istəyən gəmi sahibləri böyük məbləğlər ödəmək məcburiyyətində qalırlar. Hətta bir konteyner gəmisinin növbəsiz keçid üçün təxminən 4 milyon dollar ödənilməsi qeydə alınıb. Karib dənizini Sakit okeanla birləşdirən kanalın lift prinsipi ilə çalışan şlüz sistemi gəmiləri dəniz səviyyəsindən 26 metr hündürlükdə yerləşən Qatun gölünə qaldırmaq üçün şirin suya möhtacdır. Lakin su toplama hövzəsinə gözləniləndən az yağış düşməsi göldəki suyun səviyyəsini təhlükəli həddə endirib. Oxşar vəziyyət 2023-cü ildə də yaşanmış, gündəlik keçid sayı 22-yə qədər azaldılaraq böyük tıxaclara və şirkətlərin alternativ yollar axtarmasına səbəb olmuşdu.
Mütəxəssislər ilin sonuna doğru "El-Ninyo"nun pik həddə çatacağını və son 40 ilin ən güclü iqlim təzahürü olacağını proqnozlaşdırırlar. Bu isə kanaldakı məhdudiyyətlərin daha da sərtləşəcəyindən xəbər verir. "Copernicus" proqramının məlumatlarına əsaslanan təhlillərə görə, bu ilin iyun-avqust ayları Mərkəzi və Cənubi Amerikanın 9 ölkəsində müşahidələr tarixinin ən isti dövrü olub. Qlobal miqyasda isə 52 ölkədə mövsümi temperatur rekordları yenilənib. Ən şiddətli istilər Afrikada qeydə alınıb; Şimal yarımkürəsində rekord istilərlə üzləşən əhalinin üçdə birindən çoxu Məvritaniya, Syerra-Leone, Efiopiya və Eritreya daxil olmaqla 18 Afrika ölkəsində məskunlaşıb.
Şəbnəm Mehdizadə