İngiltərənin bu şəhərində ağaclara insanlarla bərabər hüquqlar verilib


  • 11:16

İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Lyuis (Lewes) şəhəri Birləşmiş Krallıqda ağaclara rəsmən hüquqlar tanıyan ilk şəhər olub. Şəhər Şurasının yekdilliklə qəbul etdiyi "Ağac Xartiyası"na əsasən, ərazidəki bütün ağacların, canlı çəpərlərin və meşəliklərin hüquqları rəsmən tanınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə qeyd olunur ki, şəhərin bitki örtüyü öz təbii həyat dövrünü, təkamül proseslərini və ekoloji funksiyalarını qoruyub saxlamaq hüququna malikdir. Böyük Britaniyada əvvəllər yalnız müəyyən su hövzələri boyunca olan ağaclara və ya Roter rayonundakı qədim qaraçöhrə ağacı kimi fərdi obyektlərə hüquqi status verilmişdisə, Lyuisin qərarı bütöv bir şəhər miqyasında tətbiq edilən ilk analoji mexanizmdir.

Bu addım Lyuis şəhərini meşə və çaylara hüquqi şəxs statusu verən Boliviya, Panama və Yeni Zelandiya kimi ölkələrin yer aldığı qlobal "Təbiətin hüquqları" hərəkatı ilə eyni cərgəyə gətirir. Şura üzvü Metyu Bird ağacların yerli ekologiya və şəhərin siması üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Təklifin müəllifi Dina Morqan isə bildirib ki, məqsəd ağaclara sadəcə resurs kimi baxmaq yanaşmasından imtina edərək, onlarla "tərəfdaşlıq" modelinə keçməkdir. Tənqidçilər xartiyanın yeni hüquqi məcburedici gücə malik olmadığını bildirsələr də, Şura bunun mədəni dəyişikliyə yol açacağını, inkişaf layihələri və ağacların kəsilməsi halları ilə mübarizədə sakinlərə və hakimiyyətə əlavə imkanlar yaradacağını bildirir.

Qeyd edək ki, Lyuis beynəlxalq səviyyədə akreditasiya olunmuş cəmi iki "arboretum şəhəri"ndən biridir. Son yay mövsümündə yaşanan anomal istilər və meşə yanğınlarından sonra bu təşəbbüs həm də ictimaiyyəti ağacların daşqınların qarşısını almaq, havanı təmizləmək və karbonu udmaq kimi faydaları barədə maarifləndirməyi hədəfləyir. Yerli ekoloji qruplar artıq Uz (Ouse) çayı hövzəsindəki qonşu idarəetmə orqanları ilə də analoji hüquqi çərçivələrin tətbiqi istiqamətində əməkdaşlığa başlayıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər