ABŞ ilk dəfə olaraq kosmosda silah yerləşdirdiyini təsdiqləyib


  • 11:41

ABŞ Yer orbitində kosmik silah yerləşdirdiyini ilk dəfə rəsmən təsdiqləyərək bu növ hücum imkanlarına malik olduğunu etiraf edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəsmisi Troy Meynk bildirib ki, sözügedən orbital silahlar ABŞ və müttəfiq qüvvələrini düşmənin təhdidlərindən qorumaq məqsədi daşıyır. Meynk ABŞ-nin inkişaf edən təhdidlərə hazır olduğunu vurğulasa da, silahın imkanları, sınaqları və ya orbitə tam olaraq nə vaxt çıxarıldığı barədə ətraflı məlumat verməkdən imtina edib. Tramp administrasiyasının kosmik əsaslı tutucu raketləri və müdafiə imkanlarını ölkəni raket təhlükəsindən qoruyan "Qızıl Günbəz" (Golden Dome) sisteminin vacib tərkib hissəsi kimi gördüyü qeyd olunur. ABŞ yüksəkvəzifəli hərbi rəhbərləri bu addımı Rusiya və Çinin ABŞ peyklərini sıradan çıxarmaq üçün inkişaf etdirdiyi proqramlara qarşı adekvat cavab kimi qiymətləndirirlər.

Məlumata görə, 2022-ci ildən bəri Rusiya peyklərinin Avropaya aid ən azı 12 rabitə peykinin işinə müdaxilə etdiyi, hətta həssas məlumatları ələ keçirmək riski yaratdığı bildirilir. Həmçinin ABŞ tərəfi Rusiyanın 2024-cü ildə başqa aparatlara hücum etmək qabiliyyətinə malik peyk buraxdığını bəyan etmişdi. ABŞ Kosmik Qüvvələrinin sözçüsü bildirib ki, rəqibin imkanlarını zəiflətmək, pozmaq və ya məhv etmək üçün həm kinetik (fiziki zərbə), həm də qeyri-kinetik vasitələrdən istifadə oluna bilər. Bu vasitələr döyüş komandanlıqlarının tapşırığı ilə həm müdafiə, həm də hücum məqsədilə tətbiq ediləcək. 1967-ci ildə imzalanmış Beynəlxalq Kosmos Müqaviləsi orbitdə kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan etsə də, adi hərbi rabitə, müşahidə, naviqasiya və anti-peyk texnologiyalarının inkişafına birbaşa məhdudiyyət qoymur.

Qeyd edək ki, 2019-cu ildə təməli qoyulan və ABŞ ordusunun son 70 ildə yaradılmış ən gənc qolu olan Kosmik Qüvvələr, keçən il Prezident Donald Trampın imzaladığı müvafiq əmrlə öz rolunu təkcə müdafiəçi kimi deyil, həm də fəal hücum qüvvəsi kimi genişləndirmişdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər