- 16:48
Türkiyədə 10 vilayəti əhatə edən genişmiqyaslı antiterror əməliyyatı keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyatlar İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları tərəfindən silahlı terror təşkilatlarının fəaliyyətinin ifşası məqsədilə həyata keçirilib. Aparılan araşdırmalar nəticəsində 52 şübhəlinin şəxsiyyəti müəyyən edilib. Onlardan 44 nəfərinin MLKP, 4 nəfərinin TKP/ML-TİKKO, 3 nəfərinin DSİH-KALDIRAÇ və 1 nəfərinin isə MKP terror təşkilatları daxilində fəaliyyət göstərdiyi bildirilir.
Şübhəli şəxslər barəsində saxlanılma qərarı çıxarıldıqdan sonra hüquq-mühafizə orqanları İstanbul, Ankara, Adana, Antalya, Aydın, Balıkesir, Diyarbəkir, Mersin, Muğla və Şanlıurfada yerləşən 42 ünvanda eyni vaxtda xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində şübhəlilərdən 39-u tutulub. Digər şübhəlilərdən 8-nin xaricdə olduğu, 2-nin artıq həbsdə bulunduğu müəyyən edilib. Axtarışda olan digər 3 nəfərin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Axtarışlar zamanı yaşayış yerlərindən şübhəlilərə məxsus rəqəmsal materiallar, təşkilati sənədlər, eləcə də 1 tapança, 2 daraq və 53 ədəd döyüş sursatı aşkarlanaraq götürülüb.
Şəbnəm Mehdizadə