Çində bu şəxslərin xaricə səfər etməsi qadağan olunur


  • 16:36

Çində sənaye və texnoloji təhlükəsizliyi təhdid edən vətəndaşların xaricə səfər etməsinin qadağan olunmasını nəzərdə tutan yeni qaydalar rəsmən qüvvəyə minib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Dövlət Şurası tərəfindən iyul ayında elan edilən 19 bəndlik qaydalar toplusu texnologiya sahəsində idxal və ixrac qadağalarını pozan şəxslərin ölkəyə girişi və ölkədən çıxışı ilə bağlı sərt tədbirlərin görülməsini tələb edir. Yenilənmiş qaydalara əsasən, xüsusilə süni intellekt kimi kritik texnologiyaların xaricə ötürülməsinə dair məhdudiyyətləri pozaraq sənaye və texnoloji təhlükəsizliyi təhlükə altına atan şəxslərə profilaktik tədbir kimi ölkədən çıxış qadağası tətbiq edilə bilər. Məhdudiyyətlər, həmçinin xaricdə cinayət törədən vətəndaşlara da şamil olunur. Onların ölkəyə qayıtdıqdan sonra 6 aydan 3 ilədək müddətə xaricə səfər etməsi məhdudlaşdırıla bilər. Dövlət Şurasının bəyanatında bildirilib ki, bu addım milli suverenliyi, təhlükəsizliyi və ölkənin inkişaf maraqlarını qorumaq məqsədi daşıyır.

Sözügedən qaydaların tətbiqi Çinin texnologiya sektorunda, xüsusilə süni intellekt sahəsində ABŞ ilə kəskin rəqabət apardığı bir dövrə təsadüf edir. Qeyd edək ki, bundan əvvəl - aprelin 27-də Pekin Çinin "Manus" süni intellekt tətbiqinin ABŞ-nin "Meta" şirkətinə satışını dayandırmış və şirkətin təsisçiləri olan Çin vətəndaşları Siao Honq, Tsi Yiçao və Çanq Taoya xaricə səfər qadağası qoymuşdu. Bununla yanaşı, qaydaların qüvvəyə mindiyi gün beynəlxalq sosial media platformalarında "Huawei" texnologiya nəhənginin təsisçisi Ren Çjenfey və ailəsinin Çini gizli şəkildə tərk etməsi barədə təsdiqlənməmiş iddialar da yayılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər