- 17:12
Avstraliya məhkəməsi "Snowtown qətlləri" kimi tanınan silsilə cinayətlər çərçivəsində dörd nəfəri öldürməkdə təqsirli bilinən Ceyms Vlassakisin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasını təsdiqləyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Avstraliya Apellyasiya Məhkəməsi 1990-cı illərdə törədilmiş dəhşətli qətllərin iştirakçılarından biri olan Vlassakisin azadlığa buraxılması ilə bağlı yekun qərarını açıqlayıb. Məhkəmə ştat hökumətinin bunun qarşısını almaq cəhdini rədd edərək Şərti Azadetmə Komissiyasının ötən ay qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Şərti Azadetmə Komissiyasının sədri Frensis Nelson bildirib ki, Vlassakis törətdiyi əməllərə görə səmimi peşmançılıq hissi keçirir, həbsxanadakı davranışı "nümunəvi" olub və onda hər hansı şəxsiyyət pozuntusu aşkar edilməyib. Komissiya onun cəmiyyət üçün təhlükə yaratmadığı qənaətinə gəlib.
Qeyd edək ki, 1998-ci ildə, 18 yaşında olarkən dörd nəfəri öldürdüyünü 2001-ci ildə etiraf edən Ceyms Vlassakis (James Vlassakis) şərti azad edilmə hüququ olmadan minimum 26 il müddətinə ömürlük həbs cəzasına məhkum edilib. Onun minimum həbs müddəti 2025-ci ilin avqustunda başa çatıb. Vlassakisə 2025-ci ilin dekabrında şərti azadlıq hüququ verilsə də, ştat hökumətinin etirazı ilə bu qərar müvəqqəti ləğv olunmuşdu. Avstraliya tarixinin en dəhşətli cinayətlərindən sayılan bu silsilə qətllərin qurbanlarının cəsədləri 1999-cu ildə Adelaida şəhərinin şimalındakı Snoutaun (Snowtown) qəsəbəsində, turşu ilə dolu çəlləklərdə aşkar olunmuşdu.
Cinayət qrupunun başçısı Con Bantinq (John Bunting) 11, onun şəriki Robert Vaqner (Robert Wagner) isə 10 qətlə görə təqsirli bilinərək şərti azadlıq hüququ olmadan ömürlük cəza alıblar. İki cəsədin gizlədilməsinə kömək edən digər şərik Mark Heydon (Mark Haydon) isə 25 illik həbs cəzasını tam başa vuraraq 2024-cü ildə azadlığa çıxıb.
Şəbnəm Mehdizadə