- 17:36
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) həyata keçirilən misli görünməmiş miqyaslı tədbirlərə baxmayaraq, Ebola epidemiyasının yayılmağa davam etdiyini bəyan edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat brifinqində çıxış edən ÜST-nin Epidemiologiya və Reaksiya Təhlili Bölməsinin rəhbəri Olivye le Polen epidemiyanın gərgin və geniş coğrafi ərazini əhatə etdiyini bildirib. Epidemioloji vəziyyəti qiymətləndirən ÜST rəsmisi təhlükəli dinamikanı diqqətə çatdırıb.
Onun sözlərinə görə, epidemiyanın elan olunmasından keçən 4 ay ərzində - 12 sentyabr tarixinə olan məlumata görə, 7 əyalətin 62 səhiyyə zonasında 7 200 yoluxma və 3 475 ölüm faktı qeydə alınıb. Görülən misli görünməmiş tədbirlərə baxmayaraq, xəstəlik yayılmaqda davam edir.
Polen epidemiyanın bölgələr üzrə bərabər paylanmadığını və fərqli xarakter daşıdığını vurğulayıb.
Belə ki, İturi əyalətində yoluxma səviyyəsində müəyyən azalma əlamətləri görünür. Lakin buna baxmayaraq, ötən həftə bölgədə 300-ə yaxın yeni təsdiqlənmiş yoluxma və 160-a yaxın ölüm halı qeydə alınıb. Bu göstərici ölkə üzrə ümumi halların 48 faizini təşkil edir. Şimali Kivu əyalətində isə göstəricilər sürətlə yüksəlir. Son iki həftə ərzində həftəlik yoluxma sayı iki dəfədən çox artaraq 100-dən 200-dən çox səviyyəyə qalxıb. Hazırda ümumi yoluxmaların 45 faizi məhz bu əyalətin xüsusilə Beni, Butembo-Katwa bölgələri və onların ətraflarının payına düşür. Cənubi Kivu və digər bölgələrdə vəziyyət nisbətən sabitdir. May ayının sonundan bəri Cənubi Kivu əyalətində yeni yoluxma halı aşkar edilməyib.
ÜST rəsmisi əlavə edib ki, təşkilat Konqo hökumətinə epidemiyaya nəzarət, xəstəxanalarda çarpayı sayının artırılması, klinik idarəetmə, logistika və infeksiyanın qarşısının alınması üzrə kompleks dəstək verməkdədir və bu yardımlar davam etdiriləcək.
Şəbnəm Mehdizadə