- 17:36
İtaliyanın Siciliya adasında yerləşən aktiv Etna vulkanının külli miqdarda kül və tüstü püskürtməsi səbəbindən Kataniya hava limanında daxili və beynəlxalq reyslər müvəqqəti dayandırılıb
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataniya-Fontanarossa (Vinçenzo Bellini) hava limanını idarə edən SAC şirkəti Etna vulkanından yayılan küllə bağlı yazılı açıqlama yayıb. Açıqlamada deyilir ki, atmosferə vulkanik kül yayılması səbəbindən 'B3' və 'C1' sektorlarının bağlanma müddəti uzadılıb. Nəticədə, uçuşlar saat yerli vaxtla 14:30-dək dayandırılıb. Sərnişinlərə hava limanına yollanmazdan əvvəl uçuşlarının vəziyyətini müvafiq aviaşirkətlərdən dəqiqləşdirmələri tövsiyə olunur.
Qeyd edək ki, Etna vulkanında dünən başlayan kül püskürməsi nəticəsində kül buludunun təxminən 4 kilometr hündürlüyə qalxması səbəbindən həmin ərazidən keçən təyyarələr üçün "qırmızı" həyəcan siqnalı elan edilib. Son illərlə müqayisədə, xüsusilə də bu ilin yay aylarında Etna vulkanında əhəmiyyətli dərəcədə vulkanik fəallıq müşahidə olunub. KİV-də yayılan məlumatlara görə, Etnadakı güclü vulkanik fəallıq, ilk növbədə hava nəqliyyatına mənfi təsir göstərməklə, Siciliyaya səfər edən bir çox turistin planlarını pozub.
Şəbnəm Mehdizadə