NASA Saturnun cənub qütbündə 10 tərəfli atmosfer dalğası aşkar edib


  • 10:39

NASA-ya məxsus "Hubble" kosmik teleskopu Saturn planetinin cənub qütbü ətrafında yaranan nəhəng, 10 tərəfli atmosfer dalğası qeydə alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nüfuzlu "Science Advances" jurnalında dərc olunan tədqiqata görə, "dekaqon" (onbucaqlı) adı verilən bu struktur planetin müxtəlif atmosfer təbəqələri boyunca dərinləşir və son illərdə daha da intensivləşir. Bu yeni fenomen Saturnun Şimal qütbündə onilliklərdir məlum olan məşhur altıbucaqlı (heksaqon) strukturu xatırlatsa da, cənubdakı quruluşun 10 tərəfə malik olması və nisbətən yaxın vaxtlarda meydana çıxması elm aləmində böyük həyəcan yaradıb.

Strukturun ilkin əlamətləri 2024-cü ildə həvəskar astronomlar Trevor Barri və Jan-Pol Oje, eləcə də tədqiqatın aparıcı müəllifi Aqustin Sançes-Laveqa tərəfindən Yer səthindən çəkilmiş təsvirlərdə müəyyən edilib. Daha sonra kosmosdan yüksək ayırdetməli müşahidələr aparan "Hubble" teleskopu məlumatları dəqiqləşdirərək dalğanın izlərinin hələ 2023-cü ildən başladığını ortaya çıxarıb. Bu sayədə alimlər ilk dəfə olaraq nəhəng planetar hava fenomeninin inkişafını tamamilə ilkin mərhələdən etibarən izləmək imkanı əldə ediblər.

Tədqiqatçılar bu 10 tərəfli dalğanın zamanla şimaldakı altıbucaqlı kimi davamlı bir formaya çevrilib-çevrilməyəcəyini müəyyən etmək məqsədilə "Hubble" və "James Webb" kosmik teleskopları vasitəsilə müşahidələri davam etdirməyi planlaşdırırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər