- 10:56
ABŞ-nin orbitdə silah sistemlərinə malik olduğunu bəyan etməsi rəsmi Moskvanın narazılığına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda silahlı münaqişənin dağıdıcı nəticələrinə göz yummaqda və qlobal təhlükəsizliyi riskə atmaqda ittiham edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva BMT Baş Assambleyasına kosmosda silahların tam qadağan edilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim etməyi planlaşdırır. O, həmçinin Vaşinqtonun öz eqoist maraqları naminə bəşəriyyətin gələcəyini təhlükə altına aldığını vurğulayıb.
Qeyd edək ki, sözügedən bəyanat ABŞ Hərbi Hava Qüvvələri katibinin köməkçisi Troy Meinkin çıxışından sonra verilib. Meink ABŞ qüvvələrini ehtimal olunan təhdidlərdən qorumaq məqsədilə orbitdə "kosmosa nəzarət silahları"nın yerləşdirildiyini təsdiqləyib. Ekspertlərin fikrincə, bu sistemlərə düşmən peyk rabitəsini pozan radio-maneə vasitələri, radioelektron mübarizə platformaları və ya digər peykləri hədəf alan texnologiyalar daxildir.
Hərbi analitiklər bu addımın gözlənilməz dəyişiklikdən daha çox, Çinin orbitə hərbi vasitələr çıxarmaq sahəsindəki irəliləyişlərinə cavab olaraq verilmiş açıq siyasi mesaj olduğunu bildirirlər. Bununla yanaşı, Rusiya və Çinin də uzun müddətdir peyk əleyhinə texnologiyalar və orbitdə manevr imkanlarına malik analoji sistemlər üzərində sınaqlar apardığı məlumdur.
Şəbnəm Mehdizadə