- 10:56
İngiltərədə həyat yoldaşının vəfatından sonra evini təmizləyən bir qadın, emalatxanada rast gəldiyi köhnə peçenye qutusunda böyük bir sərvət aşkar edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qutunun içərisindən dəyəri 113 min funt-sterlinqdən çox olan qızıl sikkələr tapılıb. Məlum olub ki, mərhum ev sahibi 1970-ci illərin iqtisadi tənəzzülü dövründə topladığı bu qızıl sərmayəsi barədə ailəsinə heç bir məlumat verməyib. Əlli il boyunca gizli qalan qutuda Cənubi Afrika istehsalı olan 41 ədəd qızıl "Kruqerrand" və 21 ədəd Britaniya qızılı olan "Soveren" sikkəsi saxlanılıb. Keçirilən hərracda "Kruqerrand"lar 100 min funt-sterlinqə, "Soveren"lər isə 13 min funt-sterlinqə alıcı tapıb.
Penzansdakı "Lay's Auctioneers" hərrac evinin nümayəndəsi Devid Ley bildirib ki, evdəki əşyaları nəzərdən keçirərkən emalatxanada olan ağır peçenye qutusu onların diqqətini çəkib. Mütəxəssislər qutunu açarkən üst təbəqədəki gümüş sikkələrin altında orijinal qaimələri ilə birlikdə xüsusi qablaşdırmada saxlanılan qızılları aşkar ediblər.
Qeydlərə əsasən, mərhum investor 1975-ci ildə hər sikkə üçün təxminən 70-80 funt-sterlinq ödəyib. O dövrdəki yüksək inflyasiya və fond bazarındakı qeyri-müəyyənlik səbəbindən qızılı ən etibarlı yığım vasitəsi kimi seçdiyi məlum olub.
Şəbnəm Mehdizadə