- 11:35
Baltik dənizində üzən Rusiya hərbi gəmisi onu müşayiət edən Danimarka Silahlı Qüvvələrinə məxsus helikopterə iki ədəd təcili siqnal fişəngi atıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Danimarkanın Gedser şəhəri yaxınlığındakı beynəlxalq sularda baş verib. Hadisə zamanı Danimarka hərbçiləri Rusiya freqatının fotoşəkillərini çəkmək məqsədilə müşahidə əməliyyatı həyata keçirib.
Danimarka Silahlı Qüvvələrinin məlumatına görə, "Fennec" tipli helikopterə istiqamətləndirilən iki siqnal fişəngindən biri hava gəmisinin çox yaxınlığından keçib.
İnsidentlə əlaqədar Danimarka Xarici İşlər Nazirliyi Rusiyanın Kopenhagendəki səfirini çağırıb. Baş nazir Mette Frederiksen Rusiyanın hərəkətlərini "ehtiyatsız" adlandırıb. Xarici işlər naziri Lars Lökke Rasmussen isə hadisəni qəbuledilməz hesab etdiklərini bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də insidentə münasibət bildirərək Rusiyanın davranışını məsuliyyətsiz və təhlükəli adlandırıb.
Danimarkanın müdafiə naziri Yeppe Bruusun sözlərinə görə, Rusiya freqatının heyəti helikopterlə əlaqə yaratmağa cəhd göstərməyib.
Rusiya tərəfi isə insidentin bütün təfərrüatlarının araşdırılacağını açıqlayıb.
Şəbnəm Mehdizadə