ABŞ Rusiyanı sui-qəsdlər planlaşdırmaqda ittiham edir


  • 11:35

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Rusiya kəşfiyyat xidmətlərinin ABŞ-də və Ukraynanı dəstəkləyən Avropa ölkələrində müəyyən şəxslərə qarşı sui-qəsdlər təşkil etməyi planlaşdırdığını açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Manhetten federal məhkəməsində açıqlanan ittiham aktında Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən şəbəkənin ABŞ və digər ölkələrdə müəyyən şəxslərin izlənilməsi və öldürülməsi üçün ödəniş etdiyi və ya buna cəhd göstərdiyi bildirilir. Sənəddə qeyd olunur ki, şəbəkənin cəlb etdiyi şəxslərə Ukraynaya dəstək verən Avropa ölkələrində mülki və hərbi infrastruktura qarşı terror aktları törətmək tapşırılıb. FTB-nin Nyu-Yorkdakı bölməsinin rəhbəri Ceyms Barnakl bildirib ki, Rusiya kəşfiyyat xidmətləri və onların əlaltıları ABŞ ərazisində və dünyanın müxtəlif yerlərində insanları təhdid etmək və ya öldürmək məqsədilə gizli planlar qurublar.

Rəsmilərin sözlərinə görə, sözügedən şəbəkə əvvəlcə əsasən Rusiyadan olan dissidentləri və sığınacaq axtaran şəxsləri hədəf alıb. Son dövrlərdə isə fəaliyyətin Ukraynanın müttəfiqi hesab edilən ölkələrə yönəldiyi bildirilir. İttiham aktında həmçinin qeyd olunur ki, bu ilin yayında ABŞ-də yaşayan bir şəxsin tanınmış rusiyalı dissidenti izləmək və ona sui-qəsd törətmək məqsədilə cəlb edilməsinə cəhd göstərilib. Lakin həmin şəxs qətl planında iştirakdan imtina edib.

ABŞ rəsmiləri bildiriblər ki, araşdırma Rusiya kəşfiyyat strukturları ilə əlaqəli olduğu iddia edilən şəbəkənin fəaliyyətinin ABŞ və Avropadakı hədəfləri əhatə etdiyini göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər