Almaniyada yanacaq qiymətləri tarixi rekord səviyyəyə çatıb


  • 15:13

Yaxın Şərqdə artan gərginlik, qlobal təchizatla bağlı narahatlıqlar və neft emalı güclərinin məhdudlaşması Almaniyada yanacağın qiymətinin ardıcıl olaraq yeni rekordlar müəyyənləşdirməsinə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Avtomobil Klubu (ADAC) tərəfindən açıqlanan son məlumatlara görə, ölkədə ən çox istifadə olunan "Super E10" markalı benzinin bir litrinin orta qiyməti dünən 2,30 avroya çataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Benzinin qiyməti əvvəlki günlə müqayisədə 1,4 sent artıb. Bununla da yanacağın qiyməti ardıcıl dördüncü gün tarixi rekord yeniləyib.

Dizelin qiymətində də artım davam edib. Bir litr dizelin qiyməti əvvəlki günlə müqayisədə 1 sent bahalaşaraq 2,422 avroya çatıb. Beləliklə, dizelin qiyməti apreldə qeydə alınan 2,447 avroluq tarixi maksimuma yaxınlaşıb.

Hər iki yanacaq növünün qiymətində avqustun sonundan etibarən kəskin artım müşahidə olunur. Analitiklər bildirirlər ki, dizel normal şəraitdə daha aşağı vergiyə cəlb olunsa da, böhran dövrlərində bazar dəyişikliklərinə daha həssas olduğu üçün benzindən daha baha satılmağa davam edir.

Səudiyyə Ərəbistanında kritik boru kəmərinə edilən son pilotsuz uçuş aparatı hücumu və Fars körfəzində artan geosiyasi gərginlik neft bazarındakı qeyri-müəyyənliyi daha da artırıb. Bu amillər Almaniyada yanacağın pərakəndə satış qiymətləri üzərindəki artım təzyiqini gücləndirir.

ABŞ-İran qarşıdurmasının başlamasından əvvəlki dövrlə müqayisədə Almaniyada "Super E10" benzininin bir litri hazırda 52 sent, dizelin bir litri isə təxminən 68 sent bahadır. Bu isə 50 litrlik yanacaq çəninin doldurulmasının benzinlə 26 avro, dizellə isə 34 avro daha baha başa gəlməsi deməkdir.

Yanacağın qiymətlərindəki rekord artım Berlində hakim koalisiya daxilində də mübahisələrə səbəb olub.

Almaniya kansleri Fridrix Merts istehlakçıların yükünü azaltmaq məqsədilə mümkün vergi güzəştləri üzərində çalışdıqlarını açıqlayıb. Bununla yanaşı, Merts neft şirkətlərinə əlavə mənfəət vergisinin tətbiq ediləcəyi ehtimalını qəti şəkildə rədd edib.

Sosial Demokrat Partiyası (SPD) isə şirkətlərin əldə etdiyi yüksək mənfəətin bir hissəsinin birbaşa vətəndaşlara dəstək məqsədilə yönəldilməsi üçün əlavə mənfəət vergisinin tətbiqində israr edir.

Bu çərçivədə Almaniyanın maliyyə naziri Lars Klinqbaylın neft şirkətlərinə əlavə mənfəət vergisi məsələsini cümə günü Avropa İttifaqı səviyyəsində keçiriləcək qeyri-rəsmi İqtisadiyyat və Maliyyə Nazirləri toplantısında gündəmə gətirməsi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər