ABŞ-də parkda 214 almaz tapılıb


  • 15:36

ABŞ-nin Arkanzas ştatında yerləşən “Crater of Diamonds” parkı ziyarətçilərin torpaqdan almaz tapması ilə yenidən gündəmə gəlib.

E-huquq.az xəbər verir ki, parkda 2026-cı ilin əvvəlindən indiyədək ziyarətçilər tərəfindən 214 almaz aşkarlanaraq rəsmi şəkildə qeydə alınıb.

Son diqqətçəkən tapıntının müəllifi Keşia Smit adlı qadın olub. O, oktyabr ayında oğlunu, almazı tapmasından təxminən bir həftə əvvəl isə atasını itirib. Yaşadığı ağır itkilərdən sonra Smit tez-tez parka getməyə başlayıb.

Smit parkın cənub hissəsində qazıntı apardığı zaman kürəyində parıldayan bir daş görüb. Daşı əvvəlcə çantasına qoyan qadın daha sonra onu digər ziyarətçilərə göstərib. Onların tövsiyəsi ilə tapıntını park əməkdaşlarına təqdim edən Smit gözləmədiyi xəbəri alıb. Aparılan araşdırma nəticəsində daşın 3,09 karatlıq ağ almaz olduğu müəyyənləşdirilib. Təxminən muncuq ölçüsündə olan almazın hamar və yastı quruluşa malik olduğu bildirilib.

Smit daşın ilk baxışdan ona ürək formasını xatırlatdığını deyib. Yaşadığı iki böyük itkidən sonra almazın onun üçün xüsusi məna daşıdığını bildirən qadın tapıntıya iki nəvəsinin adlarından ilhamlanaraq “Za Novia Liberty Diamond” adını verib.

Məlumata görə, Smitin tapdığı almaz parkda 2026-cı ildə qeydə alınan ikinci ən böyük almaz olub.

Park rəhbərliyinin məlumatına əsasən, ilin əvvəlindən indiyədək ziyarətçilər tərəfindən tapılaraq qeydiyyata alınan almazların ümumi sayı 214-ə çatıb.

Qeyd edək ki, “Crater of Diamonds” parkını digər parklardan fərqləndirən əsas xüsusiyyət burada ziyarətçilərə müəyyən edilmiş ərazidə almaz axtarmağa icazə verilməsidir. Parka gələnlər öz avadanlıqlarından istifadə edərək torpağı qazır, ələkdən keçirir və əldə etdikləri materialların arasında qiymətli daşları axtarırlar.

Tapılan daşlar daha sonra park əməkdaşları tərəfindən yoxlanılaraq qeydiyyata alınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər