- 15:36
Yəməndəki husilər Səudiyyə Ərəbistanına məxsus "F-15" qırıcı təyyarəsini vurduqlarını iddia ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri bildirib ki, təyyarə Məarib vilayəti səmasında yerli istehsal olan raketlə vurulub.
O, təyyarənin qalıqlarını axtarmaq üçün bölgəyə göndərilən digər "F-15" və "Typhoon" tipli qırıcıların da yerli raketlərlə hədəfə alındığını və ərazidən uzaqlaşmağa məcbur edildiyini iddia edib.
Sərinin sözlərinə görə, son 1 həftə ərzində Yəmənin Taiz, Ləhic, Əl-Cövf, Həccə, Məarib, Səda və Beyda vilayətlərinə Səudiyyə Ərəbistanına məxsus "F-15" və "Typhoon" tipli təyyarələrlə 450-dən çox hava zərbəsi endirilib.
O, həmçinin husilərin Məkkəni hədəfə aldığı barədə yayılan iddiaları təkzib edib. Bildirib ki, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlarda yalnız neft obyektləri və hərbi bazalar hədəf alınır və müqəddəs məkanlardan tamamilə uzaq strategiya izlənilir.
Şəbnəm Mehdizadə