- 11:47
İngiltərənin Oksfordşir qraflığının Piddinqton kəndində sakinlər yaxınlıqdakı keçmiş hərbi obyektdə 1000-dən çox miqrantın yerləşdirilməsi planlarına etiraz olaraq Böyük Britaniyadan ayrılmaq təşəbbüsünə səs veriblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı keçirilən referendumda seçicilərin böyük əksəriyyəti kəndin öz müqəddəratını təyinetmə hüququnu prinsipial olaraq dəstəkləyən, hüquqi qüvvəsi olmayan təşəbbüsün lehinə səs verib. Piddinqton kənd icması şurası sədrinin müavini Suzanna Pardenin sözlərinə görə, səsvermə zamanı ümumilikdə 312 bülleten sayılıb. Bu, paylanmış bülletenlərin təxminən 92 faizini təşkil edib. Nəticələrə əsasən, 285 nəfər təşəbbüsün lehinə, 26 nəfər əleyhinə səs verib. Bir bülleten isə etibarsız sayılıb.
Referendum Britaniya hökumətinin kəndin yaxınlığında yerləşən keçmiş hərbi baza -“Bicester Garrison” ərazisində 1250-yə qədər yetkin kişi miqrantın yerləşdirilməsi planlarına etiraz olaraq təşkil edilib. Oksford Yeparxiyasının 2021-ci il məlumatlarına görə, Piddinqtonda 358 nəfər yaşayır. Kənddə kilsə və icma evi olsa da, yerli ərzaq mağazası və poçt şöbəsi fəaliyyət göstərmir.
Səsvermənin hüquqi qüvvəsi yoxdur. Bununla belə, referendum Böyük Britaniyada miqrasiya məsələsi ətrafında artan ictimai narahatlığın daha bir nümunəsi kimi qiymətləndirilir. Xüsusilə Fransadan La-Manş boğazını keçərək ölkəyə daxil olan miqrantların yerləşdirilməsi məsələsi son dövrlərdə geniş müzakirə olunur.
Şəbnəm Mehdizadə