- 11:33
Avropa İttifaqı 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyə, daha böyük yaş qrupları üçün isə rəqəmsal texnologiyalara çıxışı məhdudlaşdırmağa hazırlaşır.
E-huquq.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlayıb.
Onun sözlərinə görə, Aİ səviyyəsində vahid qaydaların hazırlanması bir sıra üzv dövlətlərin uşaqlar və yeniyetmələr üçün sosial media məhdudiyyətləri tətbiq etməsindən sonra gündəmə gəlib. Avropa Komissiyasının sədrinin sözlərinə görə, 13 və 14 yaşlı yeniyetmələrə məhdud funksiyalara malik, valideyn nəzarəti altında olan hesablar yaratmağa icazə verilə bilər. Bu hesabların istifadəsinin gündə bir saatla məhdudlaşdırılması nəzərdə tutulur.
Fon der Lyayen bildirib ki, Avropa Komissiyası yeni "Uşaq Qanunu" ilə bağlı təklifini cümə axşamı təqdim edəcək.
Təklifə əsasən, sosial media platformalarından yetkinlik yaşına çatmayanlar üçün təhlükəsiz mühit yaratdıqlarını sübut etmələri tələb olunacaq.
"Avropa hərəkətə keçmək gücünə malikdir. Qaydaları müəyyən edən bizik - iri texnologiya şirkətləri deyil" - deyə sədr əlavə edib.
Hazırda əksər böyük sosial media platformaları 13 yaşdan kiçik uşaqların xidmətlərindən istifadəsini qadağan etdiyini bildirir. Bununla belə, qanunvericilər və onlayn təhlükəsizlik üzrə ekspertlər mövcud yaş məhdudiyyətlərinin nə dərəcədə effektiv tətbiq edildiyini sual altında saxlayırlar. Aİ səviyyəsində vahid qaydaların qəbulunun uzun müddət çəkə biləcəyi gözlənilir. Bunun səbəbi təklifin üzv dövlətlər tərəfindən təsdiqlənməsinin tələb olunmasıdır. Bir sıra ölkələr artıq sosial mediadan istifadə üçün milli səviyyədə yaş məhdudiyyətləri tətbiq etməyə başlayıb.
Şəbnəm Mehdizadə