Sudanda qızıl mədənində baş verən uçqun nəticəsində ölənlərin sayı 82-yə çatıb


  • 14:39

Sudanın Qərbi Kordofan əyalətində qızıl mədənində baş verən uçqun nəticəsində ölənlərin sayı 82-yə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çevik Cavab Qüvvələrinin (RSF) nəzarətində olan Əl-Nuhud şəhərindəki “Zera” qızıl mədənində baş verən uçqundan sonra axtarış-xilasetmə işləri davam etdirilir. Fövqəladə Hallara Müdaxilə Qruplarının üzvü Süleyman Əbu Himeydanın sözlərinə görə, xilasedicilər uçqun ərazisindən 82 nəfərin cəsədini çıxarıblar. Onlarla şəxsin isə hələ də itkin olduğu bildirilir.

Yerli hakimiyyət orqanlarının nümayəndəsi də 82 nəfərin cəsədinin çıxarıldığını təsdiqləyib.

Məlumata görə, uçqun mədən şaxtalarından birində başlayıb və bir-biri ilə əlaqəli digər şaxtalara yayılıb. Rəsmi şəxs bildirib ki, xilasetmə əməliyyatlarında yalnız özəl mülkiyyətdə olan ağır texnikadan istifadə etmək mümkün olub.

Uçqundan sağ çıxan Xeyr əl-Seyid Cəbara isə torpaq və qaya parçalarının təmizlənməsi üçün zəruri ağır texnikanın olmadığını deyib. Onun sözlərinə görə, bu vəziyyət 30 metrdən çox dərinlikdə qalan insanlara çatmağı çətinləşdirib.

Qeyd edək ki, Sudanda iki milyondan çox insan kustar üsulla mədənçilik sektorunda çalışır. Çətin və təhlükəli şəraitdə həyata keçirilən bu fəaliyyət ölkədə hasil olunan ümumi qızılın təxminən 80 faizini təmin edir.

“Zera” qızıl mədəni Əl-Nuhud şəhərindən təxminən 163 kilometr şimal-qərbdə, Berakik bölgəsində yerləşir. Mədəndə fəaliyyətə 2025-ci ilin may ayında başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər